İyulun 11-də Bakı Fond Birjası (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “IPO, Korporativ idarəetmə və listinq” mövzusunda biznes seminar keçiriblər.
Tədbirdə İlkin Kütləvi Təklif (İPO) və onun üstünlükləri, kütləvi təklif prosesinin idarə edilməsi, investorlar və tərəf müqabilləri ilə kommunikasiyanın təşkili, İPO üçün şirkətin müsbət nüfuzunun formalaşdırılması, BFB-nin Listinq Məsləhət Proqramı, yerli kapital bazarları vasitəsi ilə effektiv maliyyələşmə imkanları və s. mövzusunda təqdimatlar edilib.
Tədbir zamanı BFB-nin Listinq Məsləhət Proqramının tərəfdaşları İngiltərənin Finsburry LTD şirkəti, PWC Azərbaycan, o cümlədən Bakı Fond Birjasının nümayəndələri çıxış ediblər. Həmçinin, BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində özünün ilk istiqraz buraxılışını həyata keçirmiş Metak MMC şirkəti yerli kapital bazarları vasitəsi ilə effektiv maliyyələşmə sahəsində özünün uğur hekayəsi barədə məlumat verib.
Biznes seminarda 100-ə yaxın maliyyə, kənd təsərrüfatı, sənaye, istehsalat, təhsil və s. sahələri üzrə fəaliyyət şirkət və müəssisələr, o cümlədən “start up”-lar iştirak ediblər.
Tədbirdə iştirakçıları maraqlandıran sullar geniş müzakirə edilib, sonra tədbir iştirakçıları B2B görüşlər keçiriblər.