Sabah avqustun 28-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondu ASC-nin 20 milyon manatlıq ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən FED.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Bir istiqrazın nominal dəyəri 1000 manat, tədavül müddəti 23 ildir.
İstiqrazların gəlirliliyi 3% müəyyən edilib. Faiz gəlirləri 6 aydan bir ödəniləcək. İpoteka istiqrazlarının anderrayteri PSG-Kapital İŞ QSC seçilib. Təqdim edilən sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəyi bildirilib.
Qeyd edək ki, İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Fond 20 milyonluq ipoteka istiqrazlarını yerləşdirəcək - HƏRRAC
22:11
27 Avq 2018