Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında 63 milyard 745 milyon manat təşkil edib.
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Bu da ötən ilin eyni dövrünə nisbətən 41 milyard 908 milyon manat, başqa sözlə 2,9 dəfə artım deməkdir. 2023-cü ilin eyni dövründə bu rəqəm 21 milyard 837 milyon manat təşkil edib.
Cəmi əqdlərin sayında 56 min 535 əqd, başqa sözlə 5,9 dəfə artım baş verib və 68 min 148-ə yüksəlib.
Məlumata görə, bu dövriyyənin 3 milyard 841 milyon manatlıq hissəsi dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 3 milyard 560 milyon manat (48,1%) azdır.
ARMB qiymətli kağızlar üzrə dövriyyə 1 milyard 21 milyon manat 33,9% azalaraq 1 milyard 989 milyon manata düşüb.
Korporativ qiymətli kağızlar (korporativ istiqrazlar və səhmlər) üzrə dövriyyə 847,5 milyon manat təşkil edib ki, bu da cəmi dövriyyənin 1,3%-nə bərabər olub. Bu dövriyyənin həcmində son bir il ərzində 490,2 milyon manat (36,6%) azalma baş verib.
BFB-nin dövriyyəsinin kəskin artımının baş verməsinin səbəbi repo əməliyyatlarının son bir ildə 13 milyard 98 milyon manatdan 55 milyard 828 milyon manata kimi artmasıdır. Artım səviyyəsi 42 milyard 729,3 milyard manat və ya 4,3 dəfə civarında olub.