Azərbaycanda son illərin manatla ən yüksək qazanclı istiqrazı buraxılacaq. FED.az xəbər verir ki, «Kəpəz» Bank Olmayan Kredit Təşkilatı (BOKT)özünün ilk istiqrazlarını yerləşdirməyə hazırlaşır.
BOKT-dan FED.az-a bildirilib ki, istiqraz buraxılışının ümumi həcmi böyük deyil – cəmi 700 min manat. Hər birirnin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqraz buraxılacaq.
24 aylığa buraxılan istiqrazların illik gəlirliyi 18% təşkil edəcək. Şirkətdən bildirilib ki, istiqrazların qapalı üsulla yerləşdirilməsi nəzərdə tutulur, amma kənar investorlar da müraciət edib kağızları ala bilərlər. İstiqrazlar üzrə faizlər hər ay ödəniləcək.
Göründüyü kimi, «Kəpəz» BOKT-un istiqrazları hazırda bazarda mövcud olan digər manat istiqrazları ilə müqayisədə daha yüksək qazanc təklif edir. Müqayisə üçün bildirək ki, bir qədər əvvəl buraxılmış «Embafinans» BOKT-un istiqrazları 11,5% gəlir vəd edirdi. «Metak» istiqrazlarının gəlirliyi isə 10% ətrafındadır.
Ümumiyyətlə, son illər ərzində manat istiqrazları üzrə belə yüksək qazancı Maliyyə Nazirliyi təklif edib. Bir neçə il əvvəl nazirliyin 2-3 illik qiymətli kağızlarında gəlirlik 20%-ə yaxınlaşırdı. Amma hazırda bu göstərici 12-13% ətrafındadır.
«Kəpəz» BOKT-dan FED.az-a bildirilib ki, istiqrazların buraxılışından əldə olunacaq vəsaitlər kreditləşməyə sərf olunacaq: «Bu istiqrazların yerləşdirilməsindən sonra yeni emissiyalar da olacaq».
Xatıraladaq ki, “Kəpəz” BOKT respublikanın Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonlarında fəaliyyət göstərir. BOKT tərəfindən istehlak və biznes kreditləri verilir.