FED.az xəbər verir ki, “Kapital Bank”ın Rəqəmsal Məhsullar Departementinin direktoru Zakir Xanməmmədov ƏDV-nin bir hissəsinin istehlakçılara geri qaytarılması layihəsi üzrə görülən işlər və yeniliklər barədə danışıb.
Artıq bir aydan çoxdur ki, pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi istehlakçılara geri qaytarılır. Bu proses Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş qaydalara əsasən müəyyən edilir. Həmin qaydalara uyğun olaraq, qaytarılan məbləğ nağdsız formada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.
Bu ilin may ayından başlayaraq, “www.edvgerial.az” portalında şəxsi kabinet yaratmaqla, alış-veriş zamanı ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Artıq mayın 1-dən bu yana “www.edvgerial.az” portalında 285 mindən artıq istifadəçi qeydiyyatdan keçib. Çeklər üzrə müraciətləri qeydiyyata alınanların sayı isə 220 minə yaxındır. Ümumilikdə 1,6 milyona yaxın çek üzrə 960 min manat civarında məbləğ istehlakçılara ödənilib. Gözləmə rejimində olan çeklərin sayı isə təxminən 3,6 milyon ədəd, manatla ifadədə 1,8 milyon AZN təşkil edir.
ƏDV-nin bir hissəsinin geri qaytarılması layihəsi ölkənin ən böyük banklarından olan “Kapital Bank”ın maliyyə partnyorluğu ilə ərsəyə gəlib. Həmin bankın Rəqəmsal Məhsullar Departementinin direktoru Zakir Xanməmmədov layihə üzrə istifadəçilərə hansı yeniliklərin təqdim ediləcəyi barədə danışıb.
– Zakir müəllim, pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi artıq istehlakçılara geri qaytarılıb. Təqdim olunan “www.edvgerial.az” portalında olan son vəziyyəti şərh etməyi xahiş edirik.
– Portalın təqdim edildiyi gündən indiyədək istehlakçıların aktivliyini xüsusi qeyd etmək istərdim. Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmaya olan keçid sürətlənib və artıq əhalinin mobil tətbiqlərdən, portallardan və digər onlayn xidmətlərdən istifadə səviyyəsi artır. Keçirdiyimiz müxtəlif sorğulara əsasən, respondentlər rəqəmsal məhsullara daha çox üstünlük verirlər. Misal üçün, “Kapital Bank”ın BirBank mobil tətbiqi yeni yaranan zaman qeydiyyatdan keçənlərin sayı minlərlə ölçülürdü. Hazırda bu tətbiqin 1 milyondan çox istifadəçisi var. Onların arasında, cavan nəsillə yanaşı, yaşlılara da rast gəlmək olur. Bu o deməkdir ki, rəqəmsallaşmaya, onlayn xidmətlərə olan maraq günü-gündən artır və yaşından, cəmiyyətdəki rolundan asılı olmayaraq, hər kəs daha rahat xidmət almaq üsullarından istifadə edir. Fikrimcə, maliyyə partnyoru olduğumuz bu portal da istifadəçilər tərəfindən rəğbətlə qarşılanacaq və onlara əlavə gəlir gətirən rəqəmsal alətə çevriləcək. Elə ilk aylar üçün olan statistik göstəricilər də bunu sübut edir.
– Geriödəmə prosesi başlanan andan daxil olan müraciətlərə nəzər salsaq, istehlakçılar daha çox nələri soruşurlar? Sistemin fəaliyyətində hər hansı çətinlik müşahidə olunurmu?
– Portalın fəaliyyətində heç bir problem meydana çıxmadı. Lakin prosesin ölkəmizdə yeni olmasını nəzərə alaraq, müştərilərin müraciət etdikləri bir neçə sual var idi. İlk günlərdə daha çox portaldan qeydiyyatdan keçməklə bağlı müraciətlər olurdu. Sonra isə ƏDV-dən qaytarılan vəsaitin hesablanması qaydası, bəzi çeklərdə fiskal ID-nin olmaması, toplanmış vəsaitlərin istifadəsi, həmçinin bəzi çeklərdə fiskal ID-nin 12 simvoldan çox olması barədə sorğular daxil olurdu. Bu da gözlənilən idi. Çünki istənilən yenilik vərdiş tələb edir. Lakin portaldan istifadə asan olduğundan, bütün yaranan suallar istifadəçilər tərəfindən rahat mənimsənilirdi. Qeyd edim ki, portalda qeydiyyatdan keçdikdən sonra ƏDV-ni geri qaytarmağın ən sadə yolu BirBank tətbiqi vasitəsilə çekin üzərində olan QR kodu skan etməkdir. Bunun üçün mobil tətbiqin menyusundan QR pay funksiyasını seçərək QR kodu oxutmaq kifayət edir.
– Qaydalara əsasən, istehlakçılar alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV-nin geri qaytarılmasında hansı ödəmənin səviyyəsi daha yüksəkdir?
– Təbii ki, bunu da bank olaraq təhlil etmişik. Ödənişlərin 79 faizi nağd formada, 20 faizi nağdsız, 1 faizi isə qismən nağd/qismən nağdsız formada həyata keçirilib. Bildiyiniz kimi, son illər ərzində həm dövlət qurumları, həm də kommersiya bankları, xüsusən də “Kapital Bank” tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində çoxsaylı kütləvi aksiyalar keçirilir. Hətta kart açılması prosesi o dərəcədə asanlaşdırılıb ki, artıq istənilən şəxs filiala gəlmədən BirBank mobil tətbiqi vasitəsilə özünə digital kart açdırıb onlayn alış-veriş, ödəniş edə bilər. Ümumiyyətlə, pandemiya dövründə insanlar fiziki alış-verişdən virtual alış-verişə keçməklə həm özlərini, həm də yaxınlarını virusa yoluxmaqdan qorumuş olurlar. Digital kart isə onları bank filialına gəlmədən kart sahibinə çevirmiş olur. Yox, əgər mütləq mağazaya getmək lazım gəlirsə, o halda ödəniş kartı və ya təmassız NFC ödənişlərdən istifadə olunmasını tövsiyə edirik. Xatırladım ki, NFC ilə ödəniş üçün heç ödəniş kartı tələb olunmur. BirBank mobil tətbiqi olan android smartfon kifayət edir. Əminəm ki, yeni rəqəmsal həllər sayəsində əhali daha rahat olan nağdsız ödənişlərə üstünlük verəcək.
– Artıq müəyyən bir məbləğ istehlakçıların virtual “pul qabı”na oturub. Bu vəsaitlərdən istifadə edilməsi və yaxud köçürmələr qeydə alınıbmı?
– Bəzi istehlakçılar öz vəsaitlərini virtual “pul qabı”nda yığmağa üstünlük versələr də, bu məbləğdən istifadə edənlər də az deyil. Mobil, kommunal, statsionar telefon, internet, TV, sığorta və cərimələri əhatə edən 6 kateqoriya üzrə 50-dən artıq təşkilatlara bu yolla ödənişlər edilib. Əlavə olaraq qeyd etmək istərdim ki, hazırda ölkədaxili kartlara köçürmələrlə bağlı işlər yekun mərhələdədir. Yaxın zamanlarda bu imkan portal istifadəçilərinin ixtiyarına veriləcək.