“Cari ildə Azərbaycan üzrə kredit qoyuluşu kəskin azalıb və bu çərçivədə regionlara verilmiş kreditlərin azalması müşahidə olunur”. Fins.az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.
FED.az xəbər verir ki, onun sözlərinə görə, yeni kredit şərtləri və nağdlaşdırma məsələləri bankların kredit vermə imkanlarını və region sahibkarlarının da kredit əldə etmə imkanlarını məhdudlaşdırıb: “Ümumiyyətlə, regionda olan orta və kiçik sahibkarların təminat məsələsi həmişə problem olub və ona görə region sahibkarları əziyyət çəkib”.
İqtisadçının qənaətincə, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) işləmə mexanizminin təminat məsələsinə kömək etməməsi və digər subyektiv səbəblərdən bu vəsaitlərin hesabına kreditləşmə də gözlənilən nəticəni verməyib: “Amma bunu da əlavə etmək lazımdır ki, regionlar üçün görünən kreditlərin böyük bir hissəsi SKMF və “Aqrolizinq” ASC tərəfindən ayrılmış vəsaitlər və xırda istehlak kreditləridir. Yeni yaranan Kredit Zəmanət Fondu fəaliyyətə başlasa və digər fondun yanaşmasından fərqli olaraq yeni tələblərə cavab verən idarəetmə sistemi yaradılsa, regionda xırda və orta sahibkarların kreditlərə çıxış imkanını artıra bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik-ə açıqlamasında deyib ki, ümumiyyətlə, ölkə üzrə kreditləşmənin həcmində azalma var: “İlin əvvəli ilə müqayisədə bankların ümumi kredit portfelində 4,5 milyarddan çox kiçilmə baş verib. Bu da bankların hazırda həyata keçirdiyi kredit siyasəti ilə əlaqədardır. Banklar daha optimal faizlərlə vəsaitlərini Mərkəzi Bankın depozitləri ətrafında və digər alternativ qiymətli kağızlarda yerləşdirməyə üstünlük verir, nəinki real bazarda bu vəsaitləri işlətməyə”.
İqtisadçı-ekspert Rəşad Həsənov
“Çünki risklər böyükdür, problemli kreditlərin həcmi günü-gündən artır. Əhalinin gəlirlərində reabilitasiya prosesi hələ də tamamlanmayıb. Bu kimi səbəblərdən banklar daha daraldıcı kredit siyasəti həyata keçirir. Ölkə üzrə kreditləşmə təxminən 25 faizdən çox azalıb. Bu, son nəticədə regionların da kreditləşməsinə öz təsirini göstərir. Burada da kreditlərin həcminin azalması prosesi gedir” — Həsənov bildirib.
Onun fikrincə, ümumiyyətlə, kreditləşmənin zəifləməsi son nəticədə sahibkarlıq mühitinin, maliyyə əlçatanlığının zəifləməsi deməkdir: “Bu baxımdan da əgər hökumət qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin daha da təkmilləşdirilməsi və s. istiqamətlərdə addımlar atmaq istəyirsə, bu zaman maliyyə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. Ona görə də, hazırda kompleks tədbirlər görülməlidir”.
“Yəni, birmənalı olaraq bankları bu istiqamətdə məcbur etmək mümkün deyil. Kommersiya bankları kredit siyasətlərini özləri müəyyənləşdirir. Ötən dövrdə risklər də hansısa formada sığortalanmır. Əsas yük dövlətin üzərinə düşür. Dövlət daha təşviqedici modellərin işlənib hazırlanmasına və portfelin şaxələndirilməsi istiqamətində diferensial normaların tətbiq edilməsinə getməlidir ki, bu addımlar prosesi müəyyən qədər inkişafa doğru dəyişsin” — mütəxəssis vurğulayıb.
İqtisadçının qənaətincə, eyni zamanda, mərkəzləşdirilmiş kreditlər də daha çox region hədəfli olmalıdır: “Mərkəzi Bank tərəfindən banklarda yerləşdirilən vəsaitlərin regionlarda portfel formalaşdırılmasına sərf edilməsi öhdəliyi müəyyənləşdirilə bilər. Bu da müəyyən qədər vəziyyəti müsbətə dəyişə bilər”.
R. Həsənovun fikrincə, regionlarda kreditləşmənin azalması prosesi davam edəcək: “Faktiki olaraq bu gün banklar kreditləşmədə maraqlı deyil. Çünki risklər böyükdür. Banklar stimulu, iqtisadiyyatın canlanmasını hiss edənə və portfellərini sağlamlaşdırana qədər daha çox daraldıcı kredit siyasətinə üstünlük verəcək”.
Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına görə, Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 460,6 mln. manat və ya 18,2% azalaraq 2017-ci il oktyabrın 1-nə 2 071 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,65%-i bölgələrin payına düşüb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (498,4 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,3%) bu regionda müşahidə olunub.
Qeyd edək ki, 2017-ci il oktyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 437 mln. manat təşkil edib və bunun 10 366 mln. manatı və ya 83,35%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,8% təşkil etdiyi halda, Bakı şəhərində 10,4% olub, regionlarda isə 8,6-22,3% arasında dəyişib.
Banker.az