Natiq Zərbəli, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin Sədri
Loqistika aləmində "paralel import" termininə çoxdan rast gəlinir. Sadə dildə desək, xarici istehsalçının icazəsi olmadan hər hansı məhsulun ölkəyə idxal olunmasına "paralel import" deyilir. Bəzi ölkələrin iqtisadiyyatında "paralel import" qaçılmazdır. Məsələn, məlum hadisələrdən sonra, Rusiyaya qarşı əksər ölkələr sanksiyalar tətbiq edərək, bu ölkənin bazarını tərk etdilər. Bu zaman idxalçılar nə etdi? Üçüncü ölkələrdə nümayəndəliklər açaraq, onların vasitəsilə ölkədə tələbatla üzləşmiş mallar gətirməyə başladılar. Beləliklə, "paralel import" onların istehlak bazarını demək olar ki, xilas etdi. Lakin sivil yolla inkişaf edən iqtisadiyyatlar üçün "paralel import"un mənfi cəhətləri, hətta təhlükəsi danılmazdır. Gəlin onları ölkəmizin avtomobil bazarının timsalında təhlil edək.
Bu gün "paralel import"un ən çox zərbə vurduğu sahə məhz avtomobil sektorudur. Zərbə elə ciddidir ki, bir sıra adlı-sanlı rəsmi avtomobil diler və distribyutor şirkətləri fəaliyyəti dayandırmaq üzrədir. Əslində "boz diler" adlandırdığımız alverçilər əvvələr də olub. Onlar avto-salon və servis mərkəzinin inşası üçün investisiyalar qoymur, mütəxəssislərin təliminə vəsait ayırmır, iş yerləri açmır, marketinq-reklam xərcləri barədə düşünmür, bir çox hallarda avtomobili fərdi şəxslərin adına idxal edərək, sahibkarlıq fəaliyyətini gizlədir və gəlir vergisindən də yayınır. Nəticədə "paralel import" yolu ilə gətirilən avtomobillər bazara rəsmi dilerlərdən qat-qat ucuz qiymətə çıxarılır. Deyə bilərsiz, bunun nəyi pisdir ki, təki ölkənin avtomobil parkı yenilənsin, əhali ucuz maşın alsın. Təəssüf ki, belə "ucuz ətin şorbası" istehlakçılara, avtomobil sektoruna və ümumiyyətlə ölkə iqtisadiyyatına baha başa gələ bilər:
- paralel import yolu ilə gətirilən avtomobillər yerli keyfiyyət standartlarına və təhlükəsizlik tələblərinə cavab verməyə bilər;
- avtomobillər bizim iqlim, yanacaq, yol şəraitinə uyğunlaşdırılmayıb;
- avtomobillərin zəmanəti və texniki xidməti ilə əlaqədar problemlər qaçılmazdır, başqa ölkədə satılmış avtomobilin texniki düyünləri, ehtiyyat hissələri, proqram təminatı fərqli ola bilər və yerli rəsmi servislər buna hazır deyil, nəticədə istehlakçı hüquqları pozulur və brendin imicinə zərbə dəyir;
- bazarda haqsız rəqabət yaranır, maliyyə çətinlikləri ilə üzləşmiş rəsmi diler və distribyutorlar biznesin inkişafına yönələn investisiyaları və marketinq xərclərini azaltmağa, iş yerlərini ixtisara salmağa məcbur olur, bu da sektorun inkişafına və ümumi biznes mühitə mənfi təsir edir;
- paralel import rəsmi diler və distribyutorların intellektual mülkiyyət hüquqlarını poza bilər, məsələn, əmtəə nişanı, patentlər və s.;
- gündən günə nəzarətsiz böyüyən paralel import hətta ölkələr arası ticarət sazişlərinə təsir edə bilər, nəticədə iqtisadi mübahisələrə, tariflərin dəyişilməsinə, məhdudiyyətlərə gətirib çıxara bilər.
Bütün bunlarla yanaşı "boz dilerlərin" alıcıya vəd etdiyi avtomobil barədə yanlış məlumat vermə, əvvəlcədən pulu alıb, çatdırılmanı gecikdirmə və hətta mövcud olmayan avtomobilə görə beh alma faktları tez-tez baş verir. Məlumdur ki, avtomobil yüksək riskli məhsuldur və yollarda təhlükəsizlik naminə bu məhsulun satışları və texniki xidməti ilə istehsalçı zavod ilə birbaşa əlaqəsi, müvafiq proqram təminatı və texniki avadanlığı, peşəkar personalı olan subyektlər məşğul olmalıdır. Müxtəlif ölkələrdə "boz dilerlərlə" mübarizə üçün mütamadi olaraq, araşdırmalar aparılır və avtomobil idxalına yeni qaydalar və normativ aktlar tətbiq olunur. Məsələn Qazaxstanda vətəndaşın şəxsi istifadə üçün ildə bir avtomobil gətirmək imkanı var, lakin bu yalnız yaşı 3 ildən çox avtomobil ola bilər. İki ay əvvəl qəbul olunmuş qaydalara əsasən, bu ölkəyə 3 ildən az buraxılış müddəti olan avtomobilləri yalnız dövlət orqanlarında rəsmi diler və distribyutor kimi qeydiyyatdan keçmiş hüquqi şəhxslər idxal edə bilər.
Sevindirici haldır ki, son illər ölkə rəhbərliyi tərəfindən avtomobil parkının yenilənməsi, ekoloji nəqliyyat vasitlərinin təşviqi üçün ciddi addımlar atılır. İdxal olunan işlənmiş avtomobillərə qoyulmuş yaş məhdudiyyəti, hibrid və elektrik avtomobillərin ƏDV-dən azad olunması, elektomobillər üçün gömrük rüsumunun ləğv ediməsi - bütün bunların nəticəsində 2023 ildə idxal olunmuş yeni avtomobillərin sayı 19740-dən 2024-cü ildə 32766-ya yüksəldi. Elektrik avtomobillərin dinamikası daha da sürətli oldu. Beləki, 2022-ci ildə cəmi 486 elektromobil idxal olunmuşdusa, 2024-cü ilin yanvar-noyabr aylarında bu rəqəm 2871 oldu. Aydındır ki, 2025-ci ildə enerji doldurma məntəqələrinin sayı artacaq, müvafiq infrastruktur inkişaf edəcək və elektromobillərin populyarlığı daha da sürətlə artacaq. Bütün bunlarla yanaşı əhaliyə satılan nəqliyyat vasitlələrinin rəsmi zəmanəli olması, ehtiyyat hissələri və peşəkar servislə təmin olunması son dərəcə vacibdir.
AADA-nın olaraq, ölkəmizdə sivil avtomobil bazarının inkişafına yönəlmiş yeni təkliflər hazırlayırıq. Məqsəd yollarımızda müasir və zəmanətli avtomobillər görmək, yüksək təhlükəsizliyə nail olmaq, təmiz ekologiya sayəsində sağlam nəsillər yetişdirmək istiqamətində dövlətimizin gerçəkləşdirdiyi bütün layihələrinə dəstək verməkdir.