Bugünkü müsahibimiz Azərbaycanda ilk interaktiv elm muzeyinin sahibi, ilk dəfə ölkədə kompüterlə avtomobil diaqnostikasını həyata keçirən tanınmış mühəndis Elçin Abbasovdur. FED.az xəbər verir ki, E.Abbasov yaratdığı yeniliklərlə elm və texnologiyaların yalnız nəzəri biliklər əsasında qurulmadığını bir daha sübut etdi. Müsahibimiz interaktiv elm muzeyi, avtomobil sənayesində olan yeniliklər, avtomobil təmirində məsafədən diaqnostika haqqında TED.az-a danışıb.
“Azərbaycan qanunvericiliyində radio ilə idarə edilib uçan qurğular haqqında qanun hazırlanandan sonra uçuş etmək üçün icazə prosesi çox çətinləşdi”
- Elçin müəllim, necə oldu ki, texnikaya maraq göstərdiniz?
- “Universiteti bitirdikdən sonra 5 il “Azərelektroterm” İstehsalat Birliyində mühəndis-layihəçi işləmişəm. Sonra isə ixtisasımla əlaqədar olaraq, avtomobil sahəsinə gəldim. O zamanlar avtomobil təmiri ilə bağlı insanlar əziyyət çəkirdilər. Çünki ölkəyə xaricdən çoxlu sayda avtomobillər gətirilirdi. Düşündüm ki, bu sahədə işləsəm, daha faydalı olaram. Etiraf edim ki, əvvəllər avtomobil sürməyi bilmirdim. Avtomobil sürməyi də bu işlə məşğul olduqdan sonra öyrəndim. İndi isə ən sevmədiyim iş maşın sürməkdir. Hazırda “Performance Center Servis” şirkətində, “Chevroletin” Azərbaycanda nümayəndəliyində elektrik bölməsinin rəhbəri və texniki məsləhətçi işləyirəm. Texniki ədəbiyyatı çox oxuyuram. Mühərrik düzəltmək ideyası insanların ağlına necə gəlib? Bu mənə hər zaman maraqlı gəlir. Mühərriklərin tarixi inkişafını insanların ideyaları ilə düzəldərək və parktiki olaraq çalışıb, daxili yanma mühərriklərinə qədər gəldim. Texnikaya uşaqlıqdan maraq göstərmişəm. Uşaq vaxtı evimizdə kiçik bir muzeyim, emalatxanam da var idi. Burada kimya, fizika sahəsi ilə bağlı təcrübələr aparırdım. Beləliklə də, bu maraq əsas peşəmə çevrildi. “Facebook”da “Radiomodernizm” qrupunda adminəm. O qrupu yaratmaqda əsas məqsəd radio ilə uçan avadanlıqlara maraq yaratmaq idi. Maraqlı olan şəxslərlə birlikdə rayonlarda təyyarə uçuşları təşkil edirdik. Bu bir növ texniki idman idi. Azərbaycanda ilk dronu Fərdi Həmidli ilə birlikdə biz düzəltmişik. Eyni zamanda, kompüterlə avtomobil diaqnostikasını da ilk dəfə biz həyata keçirmişik. Sonradan Azərbaycan qanunvericiliyində radio ilə idarə edilib uçan qurğular haqqında qanun hazırlandı. Uçuş etmək üçün icazə prosesi çox çətinləşdi. Demək olar ki, biz uçuşları dayandırdıq. Amma texniki yaradıcılığa fasilə vermədim. Robotlar, prosessorların proqramlaşdırılması işlərinə yönəldik”.
Ukraynalıların “Qafqaz manqalı” adlandırdıqları qurğu var. Həmin qurğunun alt hissəsində alov yandırıb su əlavə etdikdə, fərqli temperaturlar yaranır. Bu isə elektrik enerjisinin yaranmasına səbəb olur. Bu zaman başqa bir qurğu vasitəsilə telefonları bu cihaza qoşmaqla enerji doldurmaq mükündür.
- İnteraktiv elm muzeyiniz necə yarandı?
- “Badamdar klubu” adında bir klub yaratdım. Orada startapçılar layihələrinə hazırlaşırdılar, təcrübələr aparırdılar. “Badamdar klubu” həm də mənim ev muzeyim idi. Sonra “Hədəf” liseyindən təklif aldım və burada “Elçin Abbasovun İnteraktiv Elm Muzeyi” adında muzey yaratdıq. Bu muzeyin bir filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika kafedrasında açılacaq. “İnteraktiv Ev Muzeyində” bir sıra texniki yeniliklər var. Məsələn, ukraynalıların “Qafqaz manqalı” adlandırdıqları qurğu var. Həmin qurğunun alt hissəsində alov yandırıb su əlavə etdikdə, fərqli temperaturlar yaranır. Bu isə elektrik enerjisinin yaranmasına səbəb olur. Bu zaman başqa bir qurğu vasitəsilə telefonları bu cihaza qoşmaqla enerji doldurmaq mükündür. Xarici ölkələrdə bir neçə texniki muzeylərə gedirdim. Vyana, Budapeşt, Praqa texniki muzeylərində olmuşam. Diqqətimi ən çox Vyanadakı texniki muzey çəkdi. Vyana texniki muzeyinə giriş-çıxış çoxdur. Təsəvvür edin ki, bizim Park Bulvarda olan insan çoxluğu qədər orada adam olur. Demək olar ki, bir gün muzeydə oldum, amma bütün avadanlıqlara baxıb, bitirə bilmədim. Həmin muzeylərlə əlaqə saxlayıram, diskussiya aparıram. Çalışıram ki, elə möhtəşəm texniki muzeylərdən biri də Azərbaycanda açılsın. Azərbaycanın böyük texniki keçmişi olub. Neftayırmaya aid böyük texniki yeniliklər olub. Yeni bulvarda keçmiş elektrik stansiyasının hissələri, qatar hissələri qalıb. Məncə, “Elektro Hall”da texniki muzey yaratmaq istəyiblər, amma tamamlamayıblar. Çox istərdim ki, texniki muzey interaktiv muzey şəklində olsun. Gələn insanlar avadanlığa baxsınlar, toxunsunlar. “Maraq sərgisi” adlı texniki sərgi keçirmişəm. Bakı Ali Neft Məktəbində, Qafqaz Universitetində, Azərbaycan Diplomatik Akademiyasında sərgilərim olub. Sərgiyə maraq var idi. Amma istənilən halda marağı formalaşdırmaq lazımdır”.
- Sizi ən çox təəccübləndirən texnoloji icad nədir?
- “Məni ən çox təəccübləndirən texnoloji icad işıq sürətinin ölçülməsidir. Bu sürətin ölçülməsinə dair keçirilən təcrübə mənə maraqlı gəlirdi. İşıq şüası 8,6 kilometr uzaq bir məsafəyə göndərilir və güzgüyə dəyərək eyni nöqtəyə qayıdır. Bu zaman disk fırlanır və bu diskin fırlanma tezliyinə görə işığın sürəti təyin olunur. Bunu fikirləşib, kəşf etmək, doğurdan da, böyük təəccüb doğurur. Məncə, hələ atom energetikası tam şəkildə tədqiq edilməyib. Atom enerjisi tam şəkildə araşdırılsa, yeni enerjilər alınar və bir çox problemlər öz həllini tapar. Xüsusilə də, ekoloji problemlər”.
Avtomatik parklama həyata keçirilirsə, az müddət sonra sürücüsüz maşınlar da istifadəyə veriləcək.
- Avtomobil sənayesindəki son yeniliklərdən diqqətinizi ən çox nələr çəkir?
- “Ölkə daxilində diqqətimi çəkən məqam hibrid avtomobil sayının çoxalmasıdır. Bu isə qənaətlə əlaqədardır. Dünya çapında isə daxili yanma mühərriklərinə qarşı aparılan mübarizə diqqətimi çəkir. Bu özünü elektromobil sayının çoxalmasında göstərir. Bu kompaniya formalı bir mübarizədir. Bir müddət sonra bu sahədə stabillik yaranacaq. Amma əsas gözlədiyim və yaxın zamanlarda görmək istədiyim sürücüsüz maşınların istifadəsidir. Avtomobil sənayesində artıq bunların elementləri bir-bir gəlir. Müasir avtomobil sistemlərinin bir hissəsində avtomatik parklama sistemi var. Əgər avtomatik parklama həyata keçirilirsə, az müddət sonra sürücüsüz maşınlar da istifadəyə veriləcək. Kimsə bunun təhlükəsizliyi haqqında danışa bilər. Amma istənilən texnikanın meydana gəlməsi, təhlükəsizlik haqqında fikirlərin yaranmasına səbəb olur. İlk avtomobillər yarananda insan ölümləri haqqında çox danışılırdı. Avtomobildən imtinaya səslənilirdi. Bu gün isə cəmiyyətimizi avtomobil olmadan təsəvvür etmək olmur. Düzdür, bu gün sürücüsüz avtomobilləri dəstəkləyəndə Həmkarlar Təşkilatı buna etiraz edir. Onlar hesab edirlər ki, texnika və texnologiya inkişaf etdikcə işsizlik sayı çoxalacaq. Amma texnologiyanın sürətlə inkişaf etdiyi ölklərdə işsizlik halları müşahidə olunmur”.
Sovet dönəmlərində avtomobil daha uzun müddət üçün istifadəyə verilirdi, amma bu gün 4-5 il istifadə üçün nəzərdə tutulur.
- Avtomobil alan sürücülərə nə tövsiyyə edərdiniz. Onlar nələrə diqqət yetirməlidirlər?
“İlk olaraq avtomobilin tarixçəsini bilməlidirlər. Diaqnostikadan da öncə tarixçə önəmlidir. Əgər avtomobiliniz Amerikadan alınıbsa, Siz “carfax” sistemi ilə Avropa modelləri üçün isə dillerə müaricət edərək maşının tarixçəsini çıxara bilərsiniz. Bunu daha çox ikinci əl avtomobil alanlar etməlidirlər. Diaqnostika avtomobilin təxmini göstəricisidir, dəqiq yox. Ümumiyyətlə, avtomobil alarkən, ikinci əl maşın almasalar daha yaxşı olardı. Avtomobilin ilk istifadəçisi olduqda onun zəmanəti də olur. Diller zəmanətə görə, yaranmış nasazlığını təmir etdirir. Çalışsınlar güvəndikləri ünvandan avtomobil alsınlar. Ümumiyətlə, Sovet dönəmlərində avtomobil daha uzun müddət üçün istifadəyə verilirdi. Çox gec xarab olurdu. İndi isə 4-5 il istifadə üçün nəzərdə tutulur. Bu da ki, satış və dövriyyə üçün edilir. Avtomobil uzun müddətli istifadə üçün nəzərdə tutulub istehsal edilsə, qiyməti baha olacaq, proses ağır olacaq, yanacaq sərfiyyatı çox olacaq. Bütün istehsalat sahəsində olduğu kimi avtomobildə də tendensiya bu istiqamətdə gedir. Mənim ilk avtomobilim Sovet maşını “GAZ 24-10”olub. Hazırda da “Chevrolet corvette” istifadə edirəm. Maşın seçimində etibarlılıq mənim üçün çox vacibdir”.
- Avtomobillə uzun müddət səyahətə çıxan sürücü hansı texniki parametrlərin sazlığına əmin olmalıdırlar?
- “Avtomobil sürücüsü hər zaman uzun səfərlərə hazır olmalıdır. Ona görə də, avtomobil resursu bir yağdəyişmə intervalı qədər hazır vəziyyətdə saxlanmalıdır. Hər zaman texniki parametrlərə nəzarət etmək vacibdir. Səfərə çıxdıqda diqqət yetiriləcək məqamlar ehtiyat lampaların maşında olmasıdır. Çünki lampa xarab olduqda onu dəyişmək lazımdır. Bundan başqa, avtomobil yağı, maşın üçün su minik vasitələrində olmalıdır. Lakin parametr sazlığına hər an diqqət yetirilməlidir”.
- Bu gün dünyada avtomobil təmirində istifadə olunan, lakin Azərbaycanda tətbiq edilməyən üsullar varmı?
- “Bəli, elə üsullar var. Hər ölkənin avtomobil təmirinə yanaşması fərqlidir. Tutaq ki, Almaniyada heç bir aqreqatı təmir etmirlər. Çindən alınmış ehtiyat hissəsini avtomobilə yerləşdirmirlər. Bu, Avropada olan bir standartdır. Rusiyada təmir işlərinə daha dərin baxırlar. Biz də yaxın zamanlarda ötürmələr qutusunun tam təmiri üzrə istehsalat sexi fəaliyyətə başlayacaq. Orada avtomobil ötürmə qutusu verilib, təmir olunacaq və yenidən əvvəlki kimi yeni birötürmələr qutusu şəklində avtomobilin üzərinə qoyulacaq. Avtomobillərin diaqnostikası onlayn şəkildə aparılır. Məsələn, “General Motorsun” rəsmi səhifəsi ilə əlaqə saxlayaraq avtomobilin onlayn şəkildə proqramını dəyişirik. Amma məsafədən diaqnostika proqram təminatını dəyişilməsi zamanı mümkün olur. Təkər dəyişimində mütləq müdaxilə lazımdır. Mexaniki hərəkət lazımdır. Amerikanın “Oil star” deyə bir sistemi var. Bu sistem artıq Avropada da işləməyə başlayıb. Bu sistem belədir ki, siz açarı avtomobildə unudursunuzsa, “Oil stara”da xüsusi bir nömrəyə zəng edirsiniz. Onlar parol kodu deyərək, onlayn şəkildə avtomobilin qapısını açırlar. Avtomobil hava yastıqlarının açılacağı şəkildə qəzaya düşəndə həmin sistem özü qəza xidmətinə zəng vurur. Avtomobilin kordinatları, maşın və sürücüsü haqqında məlumat ötürür. Bu sistemlərin hazırda Azərbaycanda işləməsi üçün infrastruktur normal deyil.
Əvvəl, avtomobillərin uzaqdan diaqnostika metodu sistemi üzərində işləyirdim. Avtomobil hərəkətdə olarkən, bu proqram mənə saat neçədə haradan çıxdığımı, hansı ərazilərdən keçdiyimi, nə qədər yol və yanacaq sərf etməyim haqqında xəbər verirdi. Bu sistemi servis xidmətlərinə birləşdirərək düyməni sıxıb servisə xəbər gönədərmək mümkün idi. Həmin servis xidməti də avtomobildə hansı problemin olmasını müəyyənləşdirir. Yolda olarkən hər hansı bir hadisə baş verdikdə, düyməni sıxmaqla mərkəzdən avtomobili diaqnostika etmək olardı. Burada xüsusi qurğu diaqnostika konnektoruna qoşulur və qurğu telefonla əlaqə saxlayır. Əgər müştəri avtomobilini diaqnostika etmək istəyirsə, orada müəyyən düyməni seçir və mərkəzlə əlaqə yaradır. Bu zaman avtomobil dianoqstika olunur. Bu sistem dünyada çox istifadə edilir. Bizdə tamamlanmadı. Gələcəkdə bu sistem Azərbaycanda da aktual ola bilər. Çünki bu gün insanlar mobil tətbiq vasitələrindən daha çox istifadə edirlər.
- Avtomobil, həqiqətən, də qeyri-adi kəşfdir. Siz danışdıqca daha da maraqlı gəlir və çoxlu suallar vermək istəyirəm. Yadımda olmuşkən, mənim üçün hər zaman düşündürücü olub, maşın yağlarının nömrələrlə adlandırılmasının xüsusi bir səbəbi varmı?
- Maşın yağları çox qəliz bir mövzudur. Burada bir arqumenti bayraq tutmaq lazımdır ki, hər bir avtomobil mühərrikinə onun istehsalçısının tövsiyə etdiyi yağı tökmək lazımdır. Avtomobilin “anası” onun istehsalçısıdır. İstehsal prosesində onun bütün parametrləri, ara boşluqlarını elə hesablayır ki, müəyyən etdiyi yağ ona uyğun olsun. Avtomobil yağlarının rəqəmlərlə adlandırılması özüllü indekslərdir. Soyuq və isti temperaturlarda özüllük göstərir. Birinci rəqəm soyuq temperaturda, ikinci isə isti temperaturda özüllük indeksidir. Bu tam olaraq yağı xarakterizə etmir. Maşın yağlarını xarakterizə edilməsi üçün onun spesifikasına baxmaq lazımdır. Çünki bir nömrədə olan maşın yağını istənilən avtomobildə istifadə etmək olmaz. Hətta uyğun olmayan yağlar maşınları sıradan çıxarır.