Türkiyədə, o cümlədən ölkənin əsas əmlak bazarı olan İstanbulda xaricilərə əmlak satışı kəskin azalıb.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna əmlakla bağlı qanunların dəyişməsi və zəlzələ səbəb olub.
Türkiyədə yaşayış icazəsi almaq çətinləşdi – DAHA BAHALI ƏMLAK ALMAQ LAZIMDIR – MƏBLƏĞ
Türkiyədə əcnəbilərin vətəndaşlıq üçün aldığı daşınmaz əmlak dəyəri 400 min dollara, yaşayış icazəsi üçün tələb olunan əmlakın qiyməti isə 200 min dollara qaldırıldıqdan sonra oktyabr aynda xaricilərin əmlak alışı kəskin azalıb.
Son bir neçə ilədək Türkiyə əmlak bumu yaşayırdı, pandemiya zamanı pullarını qorumaq istəyən investorlar, eləcə də Rusiya və Ukrayna müharibəsindən Türkiyəyə gələnlər əmlak bazarını «partlatmışdılar».
Amma son günlər xaricilərin mənzil satışları kəskin azalıb və son 2,5 ilin ən aşağı səviyyəsinə düşüb.
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, yanvar ayında xaricilərin mənzil alışı 0,6% azaldığı halda, zəlzələdən sonra bu azalma 27%-ə, sentyabrda isə 42%-ə çatıb.
Oktyabrın rəqəmləri açıqlandıqdan sonra məlum oldu ki, xaricilərin mənzil alışları 53%dən çox azalıb.
Ötən ay bütün ölkədə xaricilərə cəmi 2535 mənzil satılıb, bu 202-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir. .
Ümumiyyətlə ilk 10 ayda xaricilərin mənzil alışları 44% azalaraq 30,6 min ədədə enib.
İstanbulda satışlar 2,5 ilin dibindədir
Xaricilərə mənzil satışında ən kəskin azalma olan şəhər İstanbul olub.
TÜİK məlumatlarına görə, İstanbulda əcnəbilərə mənzil satışı 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb.
Xaricilərə ev satışı oktyabr ayında 1000 ədədin altına düşərək 758 evə gerilədi.
Sonuncu dəfə 2020-ci ilin iyununda bu səviyyədən aşağı düşüb; Həmin ay əcnəbilərə 730 ev satılıb.
Milliyətə görə baxıldığında ruslara mənzil satışı son 1,5 ilin, iranlılara satışlar isə son 2,5 ilin ən aşağı həddindədir.
TÜİK məlumatlarından topladığımız rəqəmlərə görə, ilin əvvəlində Türkiyədən 9 min 396 ev alan ruslar oktyabr ayında alışlarını 713 evə endiriblər. Bu, 2022-ci ilin martından bəri ən aşağı səviyyə deməkdir.
Bu ilin əvvəlində Türkiyədən 3 min 833 ev alan iranlılar oktyabrda alışlarını 235 evə endiriblər. Bu səviyyə 2021-ci ilin mayından bu yana son 31 ayda ən aşağı səviyyə deməkdir.
Sektor nümayəndələri satışın azalmasının səbəblərindən birinin 'əcnəbilərə mənzil satışının aşağı həddinin artırılması' ilə bağlı olduğuna diqqət çəkiblər. Belə ki, 16 oktyabr 2023-cü il tarixindən etibarən yaşayış icazəsi almaq üçün əcnəbilərin daşınmaz əmlak alması üçün aşağı hədd 75 min dollardan 200 min dollara qaldırılıb.
Bundan əlavə, Türkiyə vətəndaşlığı müraciəti üçün alınacaq daşınmaz əmlakın dəyərinin 2022-ci ildə 250 min dollardan 400 min dollara yüksəldilməsi qərara alınıb.
Əmlak sektoru nümayəndələrinin sözlərinə görə, xaricilərə mənzil satışının azalmasının səbəblərindən biri də bu vəziyyətdir.