Dövlət Vergi Xidməti 2027-ci ildən etibarən əmək müqaviləsi ilə işləyənlərdən tutulan vergilərin artırılması ilə bağlı açıqlama verib.
FED.az xatırladır ki, 2019-cu ildə hökumt şəffaflaşma üçün işləyənlərdən tutulan gəlr vergisini ləğv etdi (neft və dövlət sektorunda işləyənlər istisna olmaqla), 2026-cı ildən etibarən isə uzun fasilədən sonra gəlir vergisini bərpa etdi.
Amma vergilər 14% deyil cəmi 3% müəyyən edildi. Bu faizlər mərhələ ilə artırılır və 2027-ci ildə işləyənlərdən tutulan gəlir vergisi 3%-dən 5%-ə, 2028-ci ildə isə 7%-ə qaldırılacaq.
Bəs gəlir vergisinin bərpası, üstəlik cəmi bir il sonra faizlərin yüksəldilməsi rəsmi işləyənlərin sayını azaltmayacaq ki?
Dövlət Vergi Xidməti bu sahədəki dəyişikliklərin işləyənlərin sayına təsiri ilə bağlı açıqlama verib.
"2019-cu ildə vergi sahəsində şəffaflaşma prosesinin mühüm elementlərindən biri əmək gəlirlərinin rəsmiləşdirilməsi idi. Həmin dövrdə belə bir sual yaranırdı: iqtisadi fəaliyyətin ümumi şəffaflaşdırılması əmək gəlirlərinin vergiyə cəlb olunması ilə nə dərəcədə əlaqəlidir?".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, o dövrdə aparılan təhlillər göstərirdi ki, biznes əmək gəlirlərini rəsmiləşdirmək üçün stimul əldə edərsə, həmin əmək resurslarından istifadə etməklə istehsal etdiyi malları, işləri və xidmətləri təqdim edərkən də şəffaflığa daha çox meyil edəcək:
"Tətbiq olunan vergi güzəştləri həqiqətən də müsbət nəticələr verdi. Statistik göstəricilər də bunu təsdiqləyir. Qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayı artaraq dövlət sektorundakı göstəricini üstələdi".
Sədr müavini qeyd edib ki, bu ildən etibarən həmin güzəştlərin başa çatması ilə əlaqədar biznesin yenidən kölgə iqtisadiyyatına qayıtması ehtimalı ilə bağlı suallar yaranmışdı:
"Lakin davranış dəyişikliyinin kəskin olmaması və keçid prosesinin mərhələli şəkildə həyata keçirilməsi bu riskin idarə olunmasına kömək etdi. Belə ki, biznes üçün keçid dövründə əvvəlcə 3%, daha sonra 5% və sonrakı mərhələdə 7% vergi dərəcəsinin tətbiqi vergi yükünün tədricən artmasına şərait yaratdı. Bu yanaşma biznesin maliyyə resurslarını və mümkün risklərini daha rahat idarə etməsinə imkan verdi.
Biz bu göstəriciləri aylıq əsasda izləyirik. Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əvvəlki dövrdə əldə olunan nailiyyətlərdə hazırda geriləmə müşahidə etmirik".













