“Bu il özəl sektorda əməkhaqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əməkhaqlarından üç faiz vergi hesablanacaq. Həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır. Əgər özəl sektorda çalışan vətəndaşımızın əməkhaqqısı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır”.
Bəzi peşə sahibləri üçün vergilər artırılır – SİYAHI, MƏBLƏĞLƏR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Bu, müəyyən xərc yaratsa da, ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlar tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür. Mərhələli yumşaq keçid biznes bu mexanizmə hazır olmağa imkan yaradacaq.
Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik.
Həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər.
Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervelları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Bu da dövlət sektorunda əməkhaqqı artımına gətirib çıxarar”, - deputat əlavə edib.










