İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 86,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Bu barədə FED.az dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.
Bundan başqa, qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 18 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 5 ayı ərzində 233-ü qeyri-yaşayış, 1 519-u torpaq sahələri üzrə olmaqla 1 752 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% artım qeydə alınıb.