Bu ilin ilk 11 ayında Azərbaycandan 30,6 milyon dollar həcmində 13,5 min ton pambıq ipliyi ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,6 milyon dollar və ya 13,3%, miqdar ifadəsilə isə 2,6 min ton, başqa sözlə 23,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 27 milyon dollar dəyərində 10,9 min ton pambıq ipliyi ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin 1 kiloqramının orta ixrac qiyməti 3 manat 86 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 20 qəpik idi. Bu da illik müqayisədə 34 qəpik və ya 8,1% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,13%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,92%-i pambıq ipliyinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,11% və 0,87% olmuşdu.











