Bu ilin ilk 11 ayında Azərbaycandan 65,9 milyon dollar həcmində 93,9 min ton alma ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13,7 milyon dollar və ya 26,3%, miqdar ifadəsilə isə 9,5 min ton, başqa sözlə 11,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 52,2 milyon dollar dəyərində 84,4 min ton alma ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 19 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 5 qəpik idi. Bu da illik müqayisədə 14 qəpik və ya 13,3% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,28%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,99%-i almanın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,22% və 1,72% olmuşdu.











