Bu ilin ilk 11 ayında Azərbaycandan 6,2 milyon dollar həcmində 675 ton çay ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 177 min dollar və ya 2,9% çoxdur, lakin miqdar ifadəsilə 4,4 ton, başqa sözlə 0,6% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 6 milyon dollar dəyərində 679 ton çay ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 57 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 3 qəpik idi. Bu da illik müqayisədə 54 qəpik və ya 3,6% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,19%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,02% və 0,19% olmuşdu.











