Bu ilin ilk 9 ayında Azərbaycandan 45,5 milyon dollar (77,4 milyon manat) həcmində 716 min 752 ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7,8 milyon dollar (13,3 milyon manat) və ya 20,7%, miqdar ifadəsilə isə 107 min 103 ton, başqa sözlə 17,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 37,7 milyon dollar (64,1 milyon manat) dəyərində 609 min 649 ton sement ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 11 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10,5 qəpik idi. Bu da illik müqayisədə cüzi bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,72%-i sementin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,19% olub.