Bu ilin ilk 9 ayında Azərbaycandan 53,8 milyon dollar (91,5 milyon manat) həcmində 940 milyon 492 min kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20,7 milyon dollar (35,2 milyon manat) və ya 27,8%, miqdar ifadəsilə isə 411 milyon 43 min kVt/saat, başqa sözlə 30,4% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 74,5 milyon dollar (126,7 milyon manat) dəyərində 1 milyard 351 milyon kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 9,7 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9,4 qəpik idi. Bu da illik müqayisədə cüzi bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,29%-u, qeyri-neft sektoru üzrə ixracın isə 2,03%-ü elektrik enerjisinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,38% olub.