Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən FED.az-a bildirilib ki, Kiçik Qala küçəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarət etdiyi ərazilər sırasındadır və qala divarları boyunca görülən işlər barədə hər hansı rəy verə bilməzlər.
Xatırladaq ki, bir müddət öncə Kiçik Qala küçəsində, qala divarlarının söküntüsü ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məsələyə aydınlıq gətirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Kiçik Qala küçəsində, qala divarları boyunca görülən işlər qətiyyən tikinti mahiyyəti kəsb etmir: “Sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli kafe-terrasların yaradılması nəzərdə tutulur. Bu üslubda təmir-bərpa işləri qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Görülən işlər zamanı qala divarlarına heç bir zərər vurulmur, əksinə, orada bürclərin möhkəmləndirilməsi işləri aparılır”.