Mənim üçün 2018-ci ilin Azərbaycanı bir başqa gözəl, bir başqa qürurludur. Xüsusən, may ayında, lap dəqiqi, son günlərdə azərbaycanlı olmağımla yüz qat artıq qürur duydum, fərəhləndim.
Bu ili yubileylər ili adlandırsaq da, bu yubileylərin içərisində biri var ki, damarında azərbaycanlı qanı axan hər kəs üçün ən əziz, ən əlamətdar gündür. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili ölkəmizdə əsl bayram ab-havasında qeyd edilir. Hər yerdən Cümhuriyyət boylanır, hər yer azadlıq qoxur. İnsanların ürəklərindəki sevinc, gözlərindəki fərəh nur olub qəlblərə axır, könüldən-könülə yayılır.
Hələ iki gün öncə - mayın 28-də şanlı bayrağımızın rənglərilə ölkəmizdə hər kəsin dilində "Bayramınız mübarək!" kəlməsi dolaşırdı. Necə gözəl hissdir ki, bizim bu Cümhuriyyət coşğumuz hələ mayın 28-dən çox-çox əvvəl artıq sərhədləri aşmış, müxtəlif ölkələrdə də qeyd edilməyə başlamışdı.
Düz 100 il öncənin 28 mayında Şərqdə bir ulduz parladı. Elə parladı ki, şəfəqi bütün dünyanı nura boyadı, doğduğu qaranlığın içərisindən nəinki öz dibinə, həmçinin, yüzilliklər sonraya işıq saldı.
Doğrudur, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çoxəsrlik Azərbaycan xalqının şanlı tarixindəki ilk dövlət deyildi. Amma bu, müasir, demokratik standartlara tam mənası ilə cavab verən, ümumbəşəri dəyərlərə söykənən ilk respublika idi. Özü də tək bizim yox, bütün Şərqin tarixində... Bəli, az yaşadı, cəmi 23 ay ömür sürdü, amma bu az müddətə əsrlərin görüləcək işlərini sığdırdı. Özü tez süqut etsə də, xalqın beyninə həkk etdiyi istiqlaliyyət, azadlıq ideyaları əbədiyaşar oldu. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xosrovpaşa bəy Sultanov, Xəlil bəy Xasməmmədov, Mehdi bəy Hacinski, Məmməd Yusif Cəfərov, Camo bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov və başqalarının canları, qanları bahasına yaratdıqları və istismar altında olduğu halda Şərqin ilk və ən demokratik respublikasına çevirdikləri Cümhuriyyət gördüyü çoxistiqamətli işlər, maarif, mədəniyyət, siyasət, ədəbiyyat və s. cəmiyyətin bütün sahələrindəki yeniliklərilə uzun illər əsrlikdə boğulan xalqa yeni nəfəs verərək 23 ayın içərisində onu özündən ən az bir əsr sonraya apardı. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran bu insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Bu qısa müddət ərzində çox çətin və gərgin şəraitdə yaradılan ilk milli ordu, ilk universitet (Bakı Dövlət Universiteti), getdikcə artmaqda olan qəzet və jurnallar, inkişaf edən çap, poliqrafiya, nəşriyyat işi, 1873-cü ildən yaradılmış teatrımıza verilən "dövlət teatrı" statusu və nəhayət bütün Şərqdə qadına verilən ilk dəyər - seçmək, seçilmək hüququ dövlət qurucuların bu işə və idarəçilik sisteminə necə dərindən bələd olduqlarının bariz nümunəsidir. Təəssüf ki, o dövrün siyasi oyunları və gərgin şərait yeni yaranmış dövlətimizin ayaqda durmağına izin vermədi. Ancaq Məhəmməd Əmin Rəsulzadənin dili ilə desək, onlar bu xalqa "azadlığı daddırdılar" və azadlığı dadmış xalq onu bir daha əldə etmək istəyəcəkdi, necə ki, uzun illər bu istək uğrunda apardığı mübarizədən sonra XX əsrin sonlarında azadlığına yenidən qovuşa bildi...
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Cümhuriyyətin 100 illiyi münasibəti ilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Hər bir qurum bu əlamətdar ilə öz töhfəsini vermək üçün durmadan çalışır, ictimaiyyətin qarşısına Cümhuriyyətlə bağlı yeni ideyaları ilə çıxırlar.
Təbii ki, bu əlamətdar hadisə mavi ekranlardan, bəyaz pərdədən kənarda qala bilməzdi. Uzun müddətdir layihələşdirilən və nəhayət, yubiley ərəfəsində incəsənətimizin Cümhuriyyətə, onun qurucularına minnətdarlıq borcu kimi təqdim olunan "Son iclas" və "İstiqlaliyyət" filmləri ictimaiyyətin böyük marağına səbəb oldu.
Cümhuriyyətin "Son iclas"ı
Bakı Media Mərkəzinin Azərbaycanın bu şanlı tarixinə töhfəsi olan "Son iclas" bədii-sənədli filmi Mərkəzin prezidenti Arzu Əliyevanın baş prodüserliyi, Heydər Əliyev Fondunun dəstəyi və "BP Azərbaycan" şirkətinin sponsorluğu ilə hazırlanıb.
Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan ekran işinin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb.
Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə böyük şəxsiyyətin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə canlandırıb. Hər iki şəxsi həm fiziki görünüşləri, həm də M.Ə.Rəsulzadənin daxili aləminin əksi baxımından uğurlu tapıntı hesab etmək olar. Elnur Hüseynov dahi Rəsulzadənin gəncliyindəki çılğınlığını, dönməzliyini, işgüzarlığını və ən əsası xalqına, dövlətinə olan sonsuz sevgisini öz oyununda böyük ustalıqla yarada bilib. Rais Rəsulzadə isə Elnurdan fərqli olaraq, yaşlı Məhəmməd Əminin vüqarını, əzəmətini, təmkinini və bütün bunların fonunda vətəninə olan həsrətini simasında, gözlərində canlandırıb.
Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Filmin bədii hissəsində aktyorlar həmin dövrü oyunlarıyla canlandırıblarsa, sənədli hissəsində aktyor, teleaparıcı Vüsal Murtuzəliyev faktları, məktubları səsləndirib. Ondan başqa, çağdaş dövrümüzün müxtəlif tarixçi alimlərinin, araşdırmaçılarının da düşüncələrinə yer verilib.
Ekran əsərinin adını da ehtiva edən əsas səhnə, yəni son iclas AXC Parlamentinin məhz son iclasının (27 aprel, 1920-ci il) keçirildiyi - İndiki Əlyazmalar İnstitutunun yerləşdiyi binada çəkilib. Burada Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.
Filmdə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Ümumilikdə, bu layihə üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 25 müxtəlif məkanda 32 gün davam edib. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.
Parlaq "İstiqlaliyyət"
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu əlamətdar hadisəyə növbəti töhfə "Bank Respublika" ilə ÖZFİLM şirkətindən gəldi. "Bank Respublika"nın sifarişi ilə ÖZFİLM şirkətində istehsal olunan "İstiqlaliyyət" filmi XX əsrin əvvəllərindəki Azərbaycanın şanlı tarixini bəyaz pərdəyə daşıyıb. Mayın 25-i təntənəli təqdimat mərasimi keçirilən sənədli-bədii filmin rejissoru Cavid Təvəkkül, prodüseri Fehruz Şəmiyev, operatoru Elman Əliyevdir. Filmdə Xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Mehman Piriyev, Emin Səid, Vüsal Xalıqoğlu və başqaları çəkiliblər. Filmin çəkilişləri Cümhuriyyətin ilk paytaxtı Gəncədə, Tiflisdə və Bakıda aparılıb. Ekran işi "Baku Media Center"in texniki dəstəyi ilə ərsəyə gəlib.
"Son iclas" filmində olduğu kimi, bu film də janrına uyğun olaraq sənədli və bədii hissələrdən ibarətdir. Burada tarixi faktlar, arxiv sənədləri, məktublar Xalq artisti Nurəddin Mehdixanlının nitqi ilə tamaşaçıya çatdırılır. Onun səbrli, təmkinli, həmçinin, obrazlı nitqi 23 aya sığdırılmış böyük bir tarixi tamaşaçının gözləri önündə canlandırır.
Filmin nümayişindən öncə söhbət etmək imkanı əldə etdiyimiz Nurəddin müəllim Cümhuriyyətlə bağlı görülən hər bir işi yüksək qiymətləndirdiyini, özünün də bu cür önəmli bir layihədə yer almasından qürur duyduğunu dedi: "100 il öncə Müsəlman Şərqində ilk dəfə olaraq qurulan demokratik cümhuriyyəti məhz Azərbaycan türkləri qurdular. Bu Cümhuriyyəti quranlar Azərbaycan xalqının savadlı, dünyagörmüş, vətəninə, millətinə bağlı olan ziyalıları idilər. Bu cümhuriyyət bir çox özəllikləri ilə zamanının və zamanından sonrakı dövrün dövlət idarəçilik sistemi üçün nümunə ola biləcək bir sistem idi. Bu insanlar həqiqi mənada millətinin fədaisi idilər. Bizim bu əlamətdar hadisəyə kiçik töhfəmiz olan "İstiqlaliyyət" filmi həmin fədailərin ruhuna ithaf olunub. Filmdə çox maraqlı heyət yer alıb. Hesab edirəm ki, burada çalışan insanlar da fədailərdir. Beləcə, övladlar babalarına bənzəyir. Fikrimcə, biz bu filmlə bu gün azadlığımızın təməlində dayanan babalarımıza öz borcumuzun kiçik də olsa bir hissəsini qaytarmağa çalışdıq".
Ekran əsərində AXC-nin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin rolu ilə qarşımıza çıxan peşəkar aktyor Mehman Piriyev rolu və çəkiliş proseslərindən çox böyük məmnunluqla söz açdı: "Bu filmdə canlandırdığım Fətəli Xan Xoyskinin adını çəkmək kifayətdir ki, bu böyük şəxsiyyətin rolunu ifa etməyin nə qədər məsuliyyətli, çətin və bir o qədər də şərəfli olduğu bilinsin. Nə vaxtsa belə bir şəxsiyyətin prototipini canlandıracağım ağlıma gəlməzdi. Hesab edirəm ki, bu rol mənim aktyor kimi ən yüksək işlərimdən biri, bəlkə də birincisidir. Bu rola məni məndən xəbərsiz seçiblər. Çəkiliş prosesləri çox gözəl və rəvan keçdi. Çünki rejissorumuz Cavid Təvəkkül kino sahəsində öz sözünü demiş, çağdaş dövrümüzün peşəkar rejissorlarından biridir. Onun ən çox sevdiyim cəhəti aktyorla işləmək bacarığıdır. Biz yaradıcı heyət olaraq, pərdə arxası məqamlardan çox razıyıq, ümumilikdə filmin necə alındığını isə tamaşaçılar deyə bilər".
"İstiqlaliyyət" filminin Məhəmməd Əmin Rəsulzadəsi Emin Səid də canlandırdığı rolun qürurunu yaşayırdı: "Bundan öncə də tarixi filmlərdə oynamış, bir çox tarixi şəxsiyyətlərimizin obrazını canlandırmışam. Amma hələ bu filmdən öncə də bir çox insan məni böyük şəxsiyyət, Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə bənzədirdi. Təbii ki, bu bənzərliyin özü belə artıq mənim qürurlanmağım üçün yetərli səbəb idi. Sonradan isə bu filmdə onun rolunu ifa etmək üçün dəvət almağım məni çox sevindirdi. Çünki ürəyimdə bu obrazı oynamaq arzusu var idi artıq. Filmdə də bacardığım qədər çalışdım ki, həmin şəxsiyyətə layiqli şəkildə öz işimin öhdəsindən gələ bilim. Düşünürəm ki, uğurlu da alındı. Film tamaşaçını həmin dövrdə yaşanılmış hadisələrin ağuşuna alacaq bir gücdə çəkilib. Çox zövqlü bir layihə ərsəyə gəlib. Çəkiliş heyətimizin hər üzvü özü özülüyündə çox peşəkar və nə işlə məşğul olduğunu dərk edən insanlar idi. Bu cür insanlarla işləmək ayrıca zövq verir. Filmin sifarişçisi "Bank Respublika"ya və bu cür peşəkar, yaradıcı heyətlə bizi tanış edən Fehruz Şəmiyev başda olmaqla "Öz film"ə təşəkkürümü bildirirəm".
Hər iki ekran əsəri şanlı tariximizin Cümhuriyyət dövrünü böyük ustalıqla canlandırıb. Həm rejissorların quruluşu, həm ssenarilər, həm aktyor işi, həm də ümumən yaradıcı kollektivin zəhməti təqdirəlayiqdir. Hiss olunurdu ki, hər iki film üzərində vətənini, millətini dərin məhəbbətlə sevən, onun keçmişinə hərtərəfli bələd olan və bu keçmişlə fəxr edən dəyərli kollektiv çalışıb.
Bizim üçün böyük bir dövlət qurmuş şəxsiyyətlərin əvəzsiz əməyinin qarşılığında görülən bu işləri yüksək qiymətləndirir və ruhlarının qarşısında baş əyirik!
525.az