Sığorta məsələləri üzrə eskpert, hüquqşünas Xəyal Məmmədxanlı ASAN Radioda “Avtoarena” verilişinin qonağı olarkən sığorta məsələləri ilə bağlı bir çox maraqlı məqama toxunub. Ekspert sürücülər üçün faydalı açıqlamalar verib. FED.az həmin müsahibəni təqdim edir:
- Xəyal müəllim, icbari sığorta nə üçün lazımdır? Bunun sürücüyə faydası nədir və sürücü əslində, nəyi sığortalayır?
- Dünyanın əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da icbari sığortaya əsas yanaşma ondan ibarətdir ki, icbarı sığorta o sığorta növlərinə şamil edilir ki, burada sürücü və ya əmlak sahibinin başqa şəxslərə ziyan vurmaq ehtimalı olur. Yəni bir az izah etsək əmlak sahibinin öz əmlakını sığorta edib-etməməsi məsələsi açıq qalır. Lakin başqa bir şəxsə vurulan ziyan üçün icbari qaydada sığorta nəzərdə tutulur. Bu, təkcə avtomobilə aid deyil. Məsələn, həkim xəstəyə, vəkil müdafiə etdiyi şəxsə, yaxud ticarət mərkəzindəki muştərilərə xəsarət yetirmək ehtimalı olur. Bütün bunlar məsuliyyət yaratdığı üşün məsuliyyətin icbari sığortasına aid edilir.
Azərbaycanda icbari sığortanın dərin tarixi var. Hətta deyərdim ki, MDB məkanında bu sığorta növünü ilk olaraq biz tətbiq etmişik. İlk dəfə olaraq 1996-cı ildə qanun tətbiq edildi. Hətta 2001-ci ildə Rusiya Federasiya Şurasinda analoji qanun qəbul ediləndə Azərbaycan təcrübəsini öyrənirdilər ki, bu qanun nə olan şeydir. Onlar daha sonra və daha geniş qanun qəbul etdilər. Amma fakt ondan ibarətdir ki, sığorta ilə bağlı ilk addımlar 1996-cı ildən atılmağa başladı. Düzdür, o zamanlar təminatlar az idi. Cəmi 10 manat sığorta məbləği nəzərdə tutulmuşdu ki, 1000 manat ödəniş verirdi. Həmin dövr üçün bu məbləğ kifayət edirdi. Lakin indiki avtomobillər və qiymətlərlə bəzi hallarda 5000 manat da azlıq təşkil edir. Müasir avtomobillərin və təmir xərclərinin bahalaşması bunu bir daha sübut edir.
İcbri sığorta həm də onun üçün lazımdır ki, qəza törədib qarşı tərəfə ziyan vurduğun zaman “qardaş bağışla, bilmədim, pulum yoxdur” kimi durumlara düşməyəsən. Çünki qarşı tərəfin heç bir günahı yoxdur. Siz də onu heç nədən ziyana salıb gedə bilməzsiniz. Ona görə də, icbari sığorta zərərçəkənin hüquqlarının qorunması və təzminat ödənilməsi üçündür.
- Yəni, ziyan çəkən iki avtomobildən birinin yükü sığortanın üzərinə düşür...
Bəli. Amma uzun illər Azərbaycanda icbari sığortanı kasko ilə dəyişik salıblar. Hətta deyərdim ki, Azərbaycanda kasko sığortann inkişafına icbari sığorta səbəb olub. Məsələn, sürücü inəyi vururdu, gəlib sığorta şirkətindən özünə dəyən ziyanı istəyirdi. Amma ona izah edilirdi ki, şirkət inəyin pulunu sahibinə ödəyə bilər. Özü üçün isə kasko sığorta lazımdır.
- Siz də qeyd etdiniz ki, müasir avtomobillər bahalaşır, təmir xərcləri artır. Bu fonda icbari sığorta ödənişinin 5 min manat qalması Sizcə, normaldırmı?
- Bu gün 5000 manat əksər sürücülərin ziyanını əksər hallarda qarşılaya bilir. Lakin bu temp ilə avtomobillərin və ehtiyyat hissələrinin qiyməti bahalaşarsa o zaman məbləğə yaxın 2 il ərzində yenidən baxmaq lazım olacaq. Bu qanun qəbul edilən zaman 5 min manat normal sayılırdı. Lakin hazırda premium sinfinə aid olan elə avtomobillər var ki, bu pul bəlkə də onların təkcə arxa stopunun işıqlarının qiymətinə çatmır. Odur ki, bu məsələyə baxıla bilər. Amma nəzərə almaq lazımdır ki, sığorta məbləğinin artması, sığorta haqqının da artmasına gətirib çıxaracaq. Məsələn, bu gün 50 manata edilən sığorta gələcəkdə 100 manat ola bilər. Amma bizdə bir şeyin qiymətinin qalxmasına dövlət nəzarəti olduğu üçün dəfələrlə düşünülməli məsələdir ki, insanları narazı salmasın.
- Sığorta ödənişini ala bilməyin ən asan yolu hansıdır?
- Bunun sadə və asan mexanizmi yoxdur. Təbii ki, sığorta ödənişinə qədər müəyyən proseslər var. “İcbari sığorta haqqında” qanuna görə, əgər hər hansı xəsarət alan yoxdursa və qəza zamanı ümumi ziyan 1000 manatı keçmirsə, tərəflər arasında narazılıq yoxdursa, o zaman heç bir təsdiqedici – yol polisindən Forma-4 arayışı tələb olunmadan ödəniş ola bilər. Lakin ödəniş etmək üçün ilk övbədə zərərin qiymətləndirilməsi lazımdır. Sığorta ödənişlərinin gecikməsində də əsas amillərdən biri budur. Həmçinin müvafiq orqanlardan sənədlərin yığılması da prosesə təsir edir.
Qanun deyir ki, bütün zəruri sənədlər toplandıqdan sonra sığorta şirkəti 10 gün ərzində sığorta məbləğini ya ödəməli, ya da əsaslandırılmış və yazılı şəkildə ödənişdən imtina etməlidir. Yəni, sığorta ödənişinin müddəti 10 gündür. Sürücülər bilsinlər ki, əgər sığorta şirkəti hər hansı səbəb göstərmədən 10 gündən sonra ödəniş etmirsə hər gün üşün 0.1 faiz dəbbə pulu hesablanır.
Bu gün dünyada yeni innovativ, zərəri daha tez hesablamaq üçün sistemlər tətbiq edilir ki, proseslər minumuma endirilsin. Amma bizdə hələ ki, bu vaxt uzanır. Düzdür, bəzi şirkətlər var ki, müştəri məmnuniyyətini qazanmaq üçün bu müddəti minumuma endirsinlər. Lakin ümumi mənzərədə bu proses 3-5, hətta 10 gün də çəkə bilir.
- Sığorta ödənişini almaq üçün yol polisinin Forma 4 arayışını gözləmək mütləq lazımdırmı? Və ya, bu cür sənədləri DYP tərəfindən sığorta şirkətlərinə elektron qaydada daha tez göndərmək mümkün deyilmi?
- Çox aktual bir məsələyə toxundunuz. Əvvala qeyd edim ki, Forma 4-ü tələb etmək sığorta şirkətinin hüququdur. Çünki bu, təsdiqedici bir sənəddir. Əgər şirkət hesab etsə ki, YPX protokol tərtib edib və qəza günahkarı aydındır, o zaman bunu istəməyə də bilər. Sığorta şirkətləri isə özlərini sığortalamaq üçün çox vaxt bunu tələb edirlər. Çünki hesab edirlər ki, məsələn Maliyə Bazarına Nəzarət Palatasının yoxlaması zamanı sual oluna bilər ki, niyə Forma-4 olmadan ödəniş edilib? Bundan ehtiyyat edilərək bir çox hallarda bu büroktratik yazışmalara gedirlər. Amma bunu asanlaşdırmaq mümükündür. Biz təklif də vermişik və cənab nazir Ramil Usubov da proseslərin elektronlaşdırıması barədə göstəriş verib. Etmək olar ki, protokollar, həmçinin Forma-4 və digər sənədlər bir serverə yüklənsin və sığorta şirkətlərinə bu bazaya daxil olmaq üçün imkan yaradılsın. Bu işi daha tezləşdirərdi.
Həmçinin bildirim ki, yol polisi də sığorta şirkətinin sorğusuna ən gec 10 gün ərzində cavab verməlidir. Amma təəssüf olsun ki, bəzən bu cavab da gecikir və zərərçəkən yol polisi ilə sığorta şirkəti arasında qalır. Nəticədə ödəniş müddəti də uzanır. Lakin ümidvaram ki, ən yaxın müddətdə yol polisi də elektron sistemə qoşulacaq və sığorta şirkətləri bu məlumatları onlayn şəkildə əldə edə biləcək.
- Bəzən kiçik yol qəzaları baş verir və baxırsan ki, cəmi bir zolaqlı yolda iki maşın toqquşub və saatlarla dayanıb sığorta şirkətinin nümayəndəsini gözləyirlər. Sizcə, bu, nə dərəcədə doğrudur? Mütləqdirmi ki, sığorta nümayəndəsini saatlarla gözləmək lazımdır?
- Əlbəttə hamısına aid olmasa da, bəzi sığorta şirkətləri bunu bəhanə edərək ödəniş etməkdən imtina edir. Amma bildirim ki, belə məqamda iki qanun arasında ziddiyət yaranır. Mülkü Məcəllə deyir ki, sığorta şirkətinin nümayəndəsi avtomobilə baxış keçirənə qədər yerini dəyişmək olmaz. Amma “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsi isə deyir ki, əgər başqalarına maneə olursunuzsa və hadisəni şahidlərin iştirakı ilə qeydə ala bilirsinizsə, o zaman yolu boşaltmaq lazımdır. Amma burada maraqlı bir məqam da var ki, məsələn, avtomobil qəza törədib və yolun elə hissəsindədir ki, təhlükəlidir və ikinci qəza yarana bilər. Qanun bu yerdə deyir ki, sığortaçı təhlükənin qarşısını maksimum dərəcədə almalıdır. Eyni qanunda, həm avtomobili yerindən tərpətməmək, həm də təhlükənin qarşısının alınması tələb olunur. Ən yaxşısı budur ki, sığortalı burada şirkətin təlimatına uyğun hərəkət etməli, şirkət də belə haldan sui-istifadə etməməlidir.
Eləcə də bax: Həyatını sığortalayanlara pis xəbər – Qanunda dəyişiklik gözlənilir
Bu gün şəhərimizdə kameralar çoxdur. Görürsən ki, qəza kameranın altında baş verib, amma yenə avtomobildən düşüb şirkət nümayəndəsini gözləyirlər. Ən pis halda görüntülərə baxmaq mümkündür.
Sürücülərə tövsiyyəmiz budur ki, özünüz hadisənin foto və videosunu çəkin, yaxud kamera altındasınızsa heç gözləməyə də dəyməz. Yalnız bir halda bu ola bilər ki, ətrafda kamera olmasın, şahidlər olmasın, çəkiliş mümkün olmasın və avtomobil çəkilərsə hadisəni qiymətləndirmək alınmasın. O halda gözləmək lazımdır. Digər hallarda buna ehtiyac yoxdur.(avtosfer.az)