Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.
Məlumata görə, sənaye məhsulunun 64,4%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
"Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb", - məlumatda qeyd olunur.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 72,2 faiz, əczaçılıq məhsullarının istehsalı 69,4 faiz, elektrik avadanlıqlarının istehsalı 39,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7 faiz, mebel istehsalı 31,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8 faiz, hazır metal məmulatlarının istehsalı 23,3 faiz, tikinti materiallarının istehsalı 23,0 faiz, içkilərin istehsalı 16,5 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz, kağız və karton istehsalı 7,2 faiz, qida məhsullarının istehsalı 7,1 faiz, neft məhsullarının istehsalı 3,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,0 faiz artmış, geyim istehsalı 0,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,0 faiz, sair sənaye məhsullarının istehsalı 8,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,4 faiz, poliqrafiya məhsullarının istehsalı 19,9 faiz, maşın və avadanlıqların istehsalı 29,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,6 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,8 faiz artıb.