Ötən il üzrə Azərbaycanda ən çox ət istehsalı edən rayonların və şəhərlərin bölgüsü məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Respublika üzrə ümumilikdə 659 min tona yaxın ət istehsal olunub.
Məlumata görə ölkənin ən böyük istehsalçısı Siyəzən rayonu olub. Rayon üzrə ümumilikdə 36,4 min tondan çox ət istehsal olunub.
Ucar rayonu 27 min ton göstərici ilə 2-ci, Bərdə rayonu 24,3 min tonla 3-cü olub.
Xaçmazda 19,67 min ton, Sabirabadda 19,1 min ton, Cəlilabadda isə 14,5 min tona yaxı ət istehsal edilb.
Salyan rayonu 14,1 min tona yaxın göstərici ilə ölkənin 7-cisi, Ağcabədi rayonu 13,67 min ton il 8-cisi olub.
Bununla yanaşı İmişli rayonu 13,4 min ton ilə və Ağdaş rayonu təxminən 12,1 min ton ilə top onluqda yer alıblar.
Ümumilikdə 14 rayonda ət istehsalı 2024-cü ildə 10 min tondan yüksək olub. İlk onluqdan başqa bura daha 4 rayon daxildir. Bunlar Şəmkir (11,9 min ton), Şabran (təxminən 11 min ton), Şəki (10,1 min ton) və Abşeron rayonları (10 min ton) da daxildir.
Siyahının sonluğunda hələlik 2 ton göstərici ilə Ağdərə rayonu yer alır. Bununla belə əgər bu göstərici nəzərə alınmazsa ən aşağı göstərici 60 ton ilə Mingəçevir şəhərinin payına düşür.