“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 349 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: «Paşa Bank»ın kreditini qaytarıb, fiziki şəxslərdən borc alır – DETALLAR
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 18 dəfə çoxdur.
BOKT-un faiz gəlirləri 4 milyon 785,4 min manat (38,7% və ya 1,3 milyon artım), faiz xərcləri 3 milyon manat (39,3% və ya 847,1 min manat artım) olub.
Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 617 min manat (əvvəlki ilə nisbətən 12,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 268 min manat (9,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 29,1 milyon manat olub ki, bu da illik müqayisədə 35,2% çoxdur. Bunun 19,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 23,2% böyüyüb.
Hesabat dövründə “Finoko”nun öhdəlikləri 16,6% artaraq 23,8 milyon manata, balans kapitalı isə 4,8 dəfə artaraq 5,3 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9 dəfə artaraq 4,9 milyon manata çatıb.