Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından biri - «M Bulak BOKT» MMC 2020-ci il üzrə nəticələrini açıqlayıb.
Eləcə də bax: Qırğızıstanda prezidentliyə namizəd Azərbaycanda - KREDİT TƏŞKİLATININ SAHİBİDİR
FED.az xəbər verir ki, ötən il kredit təşkilatının faiz gəlirləri 8 milyon 518 min manat (2019-cu illə müqayisədə 3,6% azalıb), faiz xərcləri 520 min manat (35% azalıb) təşkil edib.
Mənfəətdən zərərə keçib
2020-ci ildə təşkilat haqq və komissiya gəlirləri üzrə zərər edib – 173 min manat (əvvəlki il zərər 168 min manat idi).
Əvəzində şirkət xarici valyuta üzrə əməliyyatlardan 1 520 min manat gəlir ildə edib (əvvəlki il bu əməliyyatlarda 686 min manat zərər var idi).
Şirkətin maliyyə vəziyyətini pisləşdirən məqam aktivlərin dəyərsizləşməsi riski üzrə böyük məbləğdə – 5 582 min manatlıq ehtiyatların yaradılması olub. Ötən il bu məqsədlə 5 dəfə az məbləğ ayrılmışdı – 1 070 min manat.
Əmək haqqı və sair xərcləri də nəzərə alanda kredit təşkilatının vergiyə qədər mənfəəti 1 137 min manat təşkil edib.
Əvvəlki il bu göstərici 3 dəfə artıq idi. 1 449 min manat mənfəət vergisi ödənişindən sonra şirkət ili 309 min manat xalis zərərlə bağlayıb.
Halbuki 2019-da şirkət 2 796 min manat xalis mənfəət əldə etmişdi.
Aktivləri 40%-ə yaxın azalıb
2020-ci ildə «M Bulak BOKT» MMC-nin aktivləri 40%-ə yaxın azalaraq 25 milyon manatdan 15,4 milyon manata düşüb. Azalmanın 5,6 milyon manatı kredit portfelinin azalması ilə bağlıdır (qeyd edək ki, aktivlərin dəyərsizləşməsi üzrə yaradılan ehtiyatların məbləği də təqribən bu qədərdir – FED.az).
6 milyon manat «kredit itkisi» gözləyir
Hesabatdan məlum olur ki, 2020-ci ildə «M Bulak BOKT»un vaxtı keçmiş kreditlərinin məbləği 6 milyon manata yaxındır. Nəticədə kredit portfelinin ümumi məbləği 18 milyon manat olsa da, xalis kredit portfeli 12 milyon manata enib.
İşçilərə verilən əmək haqqı azalıb
2020-ci ildə «M Bulak»ın əmək haqqı xərcləri təqribən 5% azalaraq 2 milyon manatdan 1,9 milyon manata düşüb.
Öhdəlikləri və borcları azalıb
Əvəzində şirkətin öhdəliklərində vəziyyət «yüngülləşib». «M Bulak BOKT» MMC-nin öhdəlikləri 2020-ci ildə 5,5 dəfə azalaraq 11,5 milyon manatdan 2 milyon manata düşüb. Şirkətin borc öhdəlikləri 11 milyon manatdan 1,5 milyon manata enib.
2020-ci ilin sonuna kredit təşkilatının cəmi kapitalı 13 289 min manat olub. Bunun 10 408 min manatı səhmdar kapitalı 2 870 min manat isə bölüşdürülməmiş mənfəətdir.
2019-cu illə müqayisədə kapital 309 min manat azalıb ki, bu da 2020-ci ildə təşkilatın 309 min manat zərər etməsi ilə bağlıdır.