Azərbaycanın bank olmayan kredit təşkilatı – «M Bulak BOKT» MMC sahibini dəyişib.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin səhmdarlarının sırasında dəyişiklik var. Belə ki, 2020-ci ildə şirkətin sahibliyi «Gascoyne Investments Limited» şirkətindən 2 fiziki şəxsə keçib. Bunlar Babırjan Tobayev və Aleksey Kokarevdir. Xatırladaq ki, «M Bulak BOKT» MMC-nin nizamnamə kapitalı 10 408 min manatdır.
Son vəziyyətə görə, burada Babırjan Tobayev 4,07%, Aleksey Kokarev isə 95,93% paya malikdir.
«Mol Bulak Finans» kredit təşkilatı Qırğızıstan şirkətidir. Onu Babırjan Tolbayev 2008-ci ildə yaradıb. Azərbaycandakı eyni adlı təşkilat isə sözügedən şirkətin kapitalı ilə yaradılıb. Son vaxtlara qədər «M Bulak BOKT» MMC-nin səhmdarı olan «Gascoyne Investments Limited» şirkəti isə Kiprdə qeydiyyatdan keçib və Babırjan Tolbayevə məxsusdur.
Qeyd edək ki, Babırjan Tolbayev Qırğızıstanda məşhur şəxsdir, o menecer və sahibkar, son vaxtlar isə siyasətçi kimi tanınır. O, 2020-ci ildə keçirilən Qırğızıstan prezidenti seçkilərində dövlət başçısı postuna namizədlərdən biri olub. Yeri gəlmişkən, həsmin seçkilərdə Qırğızıstan prezidentliyinə namizədlərin sayı 63 nəfər idi.
Tolbayev ABŞ-ın Missisipi Universitetində təhsil alıb, 1996-cı ildə «Soros-Qırğızıstan» proqramının rəhbəri olub. Daha sonra Qırğızıstanda ABŞ-ın müxtəlif kredit layihələrinə rəşbərlik edib. 2008-ci ildən isə «Mol Bulak Finans» mikro kredit təşkilatının rəhbəri olub. Cəmi 10 nəfərlə fəaliyyətə başlayan «Mol Bulak» 12 il ərzində 3 min nəfər əməkdaşı olan korporasiyaya çevrilib. Şirkətin Rusiya, Qırğızıstan və Azərbaycanda ümumilikdə 200 ofisi var. Yeri gəlmişkən, «Mol Bulak» 2018-2019-cu illərdə Qırtızıstanda ən böyük 5-ci vergi ödəyicisi olub.
Səhmdarlar dəyişəndən sonra «M Bulak BOKT»un əsas səhmdarına çevrilmiş Aleksey Kokarev isə «Mol Bulak»ın Rusiya ofisinin də əsas sahibidir.