Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.6% təşkil edib.
2024-cü ilin I yarımilində BOKT-lərin sayı 55, Kredit ittifaqlarının (Kİ) sayı isə 39 olmuşdur. Hal-hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. Yarımil ərzində BOKT işçilərinin sayı 153 nəfər artaraq 3442 nəfər, filiallarının sayı isə 12 ədəd artaraq 308-ə çatıb.
2024-cü ilin I yarımilində BOKT sektorunun balansı cəlb edilən vəsaitlərin kredit portfelinə yönləndirilməsi fonunda genişlənib. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 13% (95.5 mln. manat) artaraq 854 mln. manat təşkil etmişdir. Artımın əsas payçısı xalis kredit portfeli olub. Cari ilin I yarısı ərzində xalis kredit portfeli 13% (72 mln. manat) artmışdır ki, məbləğ ifadəsində artım əsasən istehlak kreditləri hesabına formalaşıb.
BOKT-lərin aktivlərinin artımı fonunda cəlb edilmiş vəsaitlər də artmışdır. BOKTlərin cəmi öhdəlikləri yarımil ərzində 8.3% (37 mln. manat) artaraq 480 mln. manat təşkil etmişdir ki, artım əsasən qeyri-bank maliyyə institutlarının kreditləri və digər öhdəliklər hesabına formalaşıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə qeyri-bank maliyyə institutlarının kreditləri 21% (11 mln manat), digər öhdəliklər isə 18% (29 mln. manat) artıb. Digər öhdəliklərdə artımın əsas hissəsi təsisçilərin BOKT-lərə verdiyi borclar olub.
2024-ci ilin I yarısında istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmağa davam etmişdir. Cari ilin 6 ayı ərzində kredit portfeli 13.4% (81 mln. manat) artaraq 682 mln. manat olub. İstehlak kreditləri üzrə yarımillik artım 18.6% (67 mln. manat), biznes portfeli üzrə isə 1.2% (2.6 mln. manat) təşkil edib. İpoteka kreditləri isə 2 dəfəyədək (11 mln. manat) artmışdır. 2024-ci ilin II rübünün sonuna BOKT-lərin kredit portfelinin 63%-i (430 mln. manat) istehlak kreditləri, 34%-i (229 mln. manat) biznes kreditləri, 14%-i (23 mln. manat) isə ipoteka kreditləri təşkil edir. Biznes portfelinin 29%-i (67 mln. manat) ticarət sahəsinə, 22%-i (50 mln. manat) qeyri-istehsal və xidmət sahəsinə, 24%-i (55 mln. manat) isə kənd təsərrüfatı sahəsinə verilmiş kreditlərdir.
Kredit portfelinin keyfiyyəti QİK (qeyri-işlək kreditlər) portfelinin artımı fonunda pisləşmişdir. Ötən ilin sonu ilə müqayisədə 2024-ci ilin ilk yarımilində sektorun qeyri-işlək kredit portfeli 30% artaraq 96.6 mln. manat təşkil edib. Yarımil ərzində QİK əmsalı isə 1.8 f.b. artaraq 14.2% olmuşdur. QİK əmsalı artımını şərtləndirən əsas amil istehlak kreditləri olub. Belə ki, QİK portfeli istehlak kreditləri üzrə 3 f.b artaraq 14.8 %, biznes kreditləri üzrə 0.6 f.b artaraq 14.5% təşkil edib.
BOKT sektoru üzrə mənfəətlikdə artım dinamikası mövcuddur. 2024-ci ilin ikinci yarısı BOKT-lər 76.6 mln. manat mənfəətlilik əldə etmişdir ki, bu da 2023-ci ilin müvafiq dövrünün mənfəətindən təqribən 191% çoxdur. Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olub. Belə ki, qeyri-faiz gəlirlərinin məcmu gəlirdə payı 14%-dən 25%-ə qalxmışdır. Sektorun mənfəətliliyinin artımı fonunda ROA və ROE göstəriciləri ötən ilin iyun ayı ilə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 17.91% və 41% olub.
Sektorun kapital mövqeyi bölüşdürülməmiş mənfəətin artımı fonunda genişlənmişdir. Yarımil ərzində BOKT-lərin kapitalı 19% (59 mln. manat) artaraq 374 mln. manat təşkil etmişdir. Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun bölüşdürülməmiş mənfəəti hesabına olmuşdur. Belə ki, yarımil ərzində bölüşdürülməmiş mənfəət təqribən 61% (63 mln. manat) artaraq 166 mln. manat, nizamnamə kapitalı isə 3.4% (6.9 mln. manat) artaraq 211 mln. manat təşkil edib.