Bazar payı yüksək olan sığorta sinifləri üzrə zərər əmsalı azalsa da, tibbi sığorta sinfi üzrə zərər əmsalı artaraq yüksək olmaqda davam edib.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
2022-ci ilin IV rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə sığorta haqlarının yeni qaydası qüvvəyə minib. Yeni qaydaya əsasən sığorta haqlarının hesablanması üçün əlavə anderraytinq risk faktorları üzrə əmsallar tətbiq edilib.
Sığorta haqlarının orta hesabla 30% artması nəticəsində həmin sığorta sinfi üzrə zərər əmsalı 9 f.b. aşağı düşərək 71% olmuşdur. Həmin sığorta sinfi üzrə xərc əmsalı 32%, zərərlilik dərəcəsi isə 103% təşkil EDİB. Tibbi sığorta üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu hesabat dövrü ərzində (2024-cü ilin 1 iyul tarixindən əvvəlki 12 ay) baş vermiş sığorta hadisələrinə ödənilmiş sığorta ödənişlərinin 20% artması səbəbi ilə zərər əmsalı 3 f.b. artaraq 77% OLUB.
Həmin sığorta sinfi üzrə xərc əmsalı 25%, zərərlilik dərəcəsi isə 102% təşkil etmişdir. Sığortaçılar (təkrarsığortaçılar) zərərlilik dərəcəsi 100%-dan artıq olan sığorta sinifləri üçün sabitləşdirici ehtiyat formalaşdırırlar.
Beləliklə, zərərlilik dərəcsinin 100%-dan artıq olması həm bir başa, həm də dolayı yolla sığortaçıların (təkrarsığortaçıların) mənfəətliliyinə təsir edir.