2024-cü il ərzində Azərbaycan BOKT-ları 246,4 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu illik müqayisədə 57,9 milyon manat və ya 31% çoxdur.
Bunun da 243,2 milyon manatı müştərilərə verilmiş kreditlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 54,7 milyon manat, başqa sözlə 29% çoxdur.
Faiz xərcləri (öhdəliklər üzrə) 37 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 8,9 milyon manat və ya 31% çoxdur.
Nəticədə BOKT-ların xalis faiz gəlirləri 209,4 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 49 milyon manat və ya 31% artım deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə BOKT-ların faiz gəlirləri 188,6 milyon manat, faiz xərcləri 28,2 milyon manat, xalis faiz gəlirləri 160,4 milyon manata bərabər olub.
Bu dövrdə BOKT-ların qeyri-faiz gəlirləri 191,9 milyon manat, xərcləri 139,1 milyon manat, əməliyyat mənfəəti 262,2 milyon manat, mənfəət vergisi ödəmələri 41,6 milyon manata bərabər olub. Son bir il ərzində qeyri-faiz gəlirləri 166,8 milyon manat (7,6 dəfə), xərcləri 52,8 milyon manat (61%), əməliyyat mənfəəti 163 milyon manat (2,6 dəfə), mənfəət vergisi ödəmələri 24,2 milyon manat (2,4 dəfə) artıb.
Beləliklə Azərbaycan BOKT-ları ötən ili 157,1 milyon manat xalis mənfəətlə başa vurublar. Bu da son bir il ərzində 81,3 milyon manat və ya 2,1 dəfə artım deməkdir.
Qeyd edək ki, BOKT-lar 2023-cü il 75,8 milyon manat xalis mənfəətlə tamamlamışdı.