Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarında kənar audit aparılmasına dair minimum Tələblər"ni təsdiqləyib.
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bu tələblər qanunla müəyyən edilmiş hallarda aparılan kənar audit istisna olmaqla BOKT-un öz təşəbbüsü ilə aparılan kənar auditə şamil edilməyəcək.
Belə ki, kənar auditor Auditorlar Palatasının ictimai əhəmiyyətli qurumlarda audit aparan kənar auditorla bağlı müəyyən etdiyi tələblərə cavab verməli, eləcə də müstəqil olmalı, o cümlədən BOKT-la kənar auditorun və yoxlamada iştirak edəcək əməkdaş(lar)ının müstəqilliyinə xələl gətirəcək hər hansı digər əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır, kənar auditorun yoxlamada iştirak edəcək əməkdaş(lar)ı son 3 il ərzində həmin BOKT-də çalışmamalıdır, eyni kənar auditor BOKT-un audit yoxlamasını ardıcıl 5 ildən artıq müddətdə aparmamalıdır.
Bundan başqa, BOKT hər təqvim ilinin dekabr ayının 15-nə qədər təşkilatın audit yoxlamasını aparacaq kənar auditor barədə yazılı məlumatı tənzimləyici quruma təqdim etməlidir.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.









