Azərbaycanın ən böyük qaz layihəsi olan «Şahdəniz»in operatoru BP-Azərbaycan şirkəti 2018-ci ilin yekunlarını açıqlayıb.
FED.az xəbər verir ki, məlumata görə, ötən il Şahdəniz üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.
Eləcə də bax: BP-də işləyən azərbaycanlıların sayı - AÇIQLANDI
11,5 milyard kubmetr qaz hasil edilib
2018-ci ildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam etmişdir.
İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilmişdir.
Gündə 48 milyon qaz çıxarmaq imkanı var
2018-ci ildə həmçinin Şahdəniz yatağından ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd edildi. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 48 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.
15 yeni quyu qazılıb
2018-ci ildə Şahdəniz Alfa platformasında SDA11 quyusu qazılmış və tamamlanmışdır. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılmışdır.
İstiqlal qazma qurğusu beş sualtı quyunu tamamlamışdır – ikisi qərb cinahda, üçü isə şərq cinahda. Maersk Explorer qurğusu SDH02A quyusunu tam dərinliyinədək qazmışdır.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq 15 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında üç quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Şahdəniz 2 layihəsi
2018-ci ilin əvvələrində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra 29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin rəsmi inaqurasiya mərasimi keçirildi. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı.
İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
2018-ci il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon dollar əməliyyat xərcləri və 352 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.
İl ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 23 milyon kubmetrdən çox olmuşdur.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nin genişləndirilməsi layihəsi
2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.
Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.
Şahdənizdə iştirak payları belədir:
BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır:
BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)