İlk dörd ay üzrə Azərbaycanda iqtisadi meyllərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib.
Dövlət büdcəsinə dəyişiklik ediləcək – NEFT 75 DOLLAR, VERGİ VƏ GÖMRÜK PLANI ARTACAQ
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov qeyd edib ki, təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5 % proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir:
“Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdcəsinin baza xərclərin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”. (Apa)