Oktyabrın 25-də Çovdar filiz emalı sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb. “AzerGold”dan FED.az-a verilən məlumata görə, memorandumda əməkdaşlığı genişləndirmək və yeni parametrlər çərçivəsində optimallaşdırmaq, elmi-texniki inkişafı dəstəkləmək, geoloji-kəşfiyyat nəzərdə tutulur.
Bundan başqa, sənədə əsasən, nazirlik və “AzerGold” dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün birgə çalışacaqlar. Memorandumu Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.
Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold” QSC-nin istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulub.
Memorandum imzalandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri 24 saat fəaliyyət göstərən Çovdar Filiz Emalı sahəsinin işi ilə tanış olub, aparılan metallurji testlər, laborator analizlər, geofiziki və geoloji tədqiqatlar, çöl sınaqlaşdırma və buruq-qazma işləri haqqında ətraflı məlumat əldə ediblər.
Əraziyə baxış zamanı “AzerGold” QSC-nin ekoloji siyasətinə uyğun həyata keçirilən tədbirlər haqqında da söhbət açılıb.
“AzerGold” QSC tərəfindən bildirilib ki, monitorinq proqramı çərçivəsində hasilat və mədən sahələrində ekoloji tədbirlər həyata keçirilir, istehsalat prosesi nəticəsində formalaşan bütün növ tullantılar qanuna müvafiq şəkildə idarə olunur, istehsalat sahəsi və ətraf ərazilərdə mütəmadi olaraq yaşıllaşdırma və iməclik tədbirləri keçirilir. Həmçinin ətraf qəsəbələrdə həyata keçirilən sosial layihələr və əhaliyə dəstək kampaniyaları haqqında da qonaqlara ətraflı məlumat verilib.
“AzerGold” QSC Çovdar filiz emalı sahəsində hasilata 2016-cı ildə başlayıb. Bu günədək aparılan hasilat işləri nəticəsində 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından ölkə iqtisadiyyatı təqribən 205 milyon manat gəlir əldə edib.