Novruz və Ramazan bayramları münasibətilə Azərbaycanda rəsmi elan edilmiş bayram tətili dövlət büdcəsinə böyük qənaət etməyə imkan verib.
Baş Nazir: "Ötən il dövlət büdcəsinin gəlirləri 37,2 milyard manat olub"
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Nazirlik 2025-ci ilin 1-ci rübündə dövlət büdcəsindəki vəziyyəti açıqlayıb.
Məlumata görə, 2025-ci ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub.
Büdcənin gəlirləri
Belə ki, cari ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 380,6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 430,5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib.
Dövlət Neft Fondundan büdcəyə köçürmələr isə 3 milyard 620,3 milyon manat həcmində olub.
Büdcənin xərcləri
2025-ci ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri 8 milyard 280 milyon manat proqnoza qarşı 8 milyard 115 milyon manat, yəni 98 faiz icra edilib. Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2,0 faiz, yəni 165,0 milyon manat az yerinə yetirilib.