Azərbaycan hökuməti qarşıdakı 4 il üzrə ABŞ dollarının manata nəzərən məzənnəsi ilə bağlı pronozunu açıqlayıb.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
«Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür»-deyə hesabatda bildirilir.
Hesabatda bildirilir ki, büdcə və iqtisadi inkişafla bağlı proqnozlar verilərkən ehtimal və fərziyyələrin əsasında neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər dayanır.
Büdcə və iqtisadi göstəricilərlə bağlı açıqlamada deyilir ki, Azərbaycanın icmal və dövlət büdcəsinin parametrləri bir sıra fərziyyələrə (neftin qiyməti, manatın məzənnəsi və s.) və İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozlarına əsaslanaraq hesablanır.
«Bu fərziyyələr dəyişərsə, icmal və dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərinin strukturu da dəyişə bilər. Bu baxımdan ortamüddətli dövrdə büdcə siyasətinin hədəflərindən kənarlaşmalara, dövlətin fiskal yükünün artmasına, gəlirlərin azalmasına, digər maliyyə problemlərin yaranmasına səbəb ola biləcək fiskal risklərin qiymətləndirilməsi və qarşısının alınması fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır»-deyə bildirilir.
Hesablamalar üçün qəbul olunmuş ehtimallar və ortamüddətli dövr üçün proqnozlaşdırılan fiskal parametrlər