2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, fevral ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 686,1 milyon manat təşkil edib. Bu aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 faiz çox olub.
Fevralda büdcə gəlirlərinin büdcə gəlirlərinin böyük hissəsini Neft Fondu təmin edib – 1 milyard 206.8 milyon manat və ya bütün gəlirlərin 45%-i.
Büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat (ümumi gəlirlərdə 32%), Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat (20%), Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlət büdcəsinin xərcləri 3 milyard 26,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 faiz çoxdur.