CryptoCompare portalın hesablamalarına görə, kriptovalyutalar bazarında kəskin azalma müşahidə olunur. Nəticədə bu ilin mart ayında gündəlik dövriyyə 9,1 mlrd. dollara, aprel ayının birinci yarısında isə 7,4 mlrd. dollara bərabər olub. Bu göstəricilərlə müqayisədə dekabrda müşahidə olunmuş dövriyyələr (gündəlik orta hesabla 17 mlrd. dollar) inanılmaz görünür.
Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi pərakəndə investorlar tərəfindən kriptovalyutalara marağın azalmasıdır. Marağın azalmasında dünyanın müxtəlif ölkələrdə kriptovalyuatalara qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi də mühüm rol oynayıb. Məsələn, Çin kriptovalyutalarla ticarətə qadağa qoyub, bəzi ölkələr yalnız qeydiyyata alınmış ticarət platforma və birja meydançalarında aparılan ticarəti qanuni hesab edir. Eyni zamanda ticarət həcmlərinin azalmasının əsas səbəbi göz qabağındadır - söhbət qiymətdən gedir. Belə ki, dekabr ayı ilə müqayisədə, “Bitcoin”in qiyməti 2,5 dəfə ucuzlaşıb. Dekabrda “Bitcoin” 19 min dollara satılırdısa, martda bu qiymət 8-10 min dollara, aprelin birinci yarısında isə 7-8 min dollar təşkil edib. Aydındır ki, belə olan halda pul ifadəsində həcmlərin azalması təbiidir, halbuki fiziki alış-verişin miqdarı eyni səviyyədə qalır. Faktiki olaraq, burada söhbət ticarət həcmlərinin azalmasından deyil, qiymətlərin bu dərəcədə ucuzlaşmasından getməlidir. Burada isə, sözsüz olaraq, amillər kriptovalyutaların lehinə deyil.
Belə mənzərə yaranır ki, kriptovalyuatalar hazırda öz aləmində mövcuddur, real dünyanın, real maliyyə bazarlarının qanunları burada yalnız nəzəri baxımından mövcuddur. Söhbət ondan gedir ki, dünyanın maliyyə tənzimləyiciləri kriptovlyutaları ciddi qəbul etməyə hələ də hazır deyil. Bu yaxınlarda keçirilmiş BVF və Dünya Bankının "yaz görüşləri" çərçivəsində yarırəsmi, yarıyox kriptovalyutalar barədə müzakirələrin aparılması da bunu göstərir. Müzakirələrdə mərkəzi banklarının və digər maliyyə tənzimləyicilərinin nümayəndələri iştirak ediblər. Əsas leytmotiv o olub ki, hazırda kriptovalyuatalar üzrə ticarətin həcmləri dünya maliyyə bazar və sisteminin dövriyyələri ilə müqayisədə çox aşağıdır və bu səbəbdən də ciddi yanaşmaya heç layiq də deyil. Əlbəttə, eyni zamanda əslində mənasız bəyanatlar da səsləndirilir. Məsələn kriptovalyutalar üzrə tənzimlənmə mexanizmini eyniləşdirmək, uyğunlaşdırmaq və sair lazımdır və sair və sair. Amma əslində rəsmi orqanlar bir çox hallarda kriptovalyuta mövzusunu sadəcə "başından rədd edir".
Əlbəttə ki, vəziyyət kriptovalyutaların lehinə kəskin dəyişə də bilər - əgər hər hansı mərkəzi bank özü virtual valyutanı emissiya etmək fikrinə düşüb bunu reallaşdırsa. İndi bu barədə bir neçə mərkəzi bank fikirləşir (bu mövzuda əsasən Skandinaviya mərkəzi banklarının adları çəkilir). Mərkəzi banklar kriptovalutanı iki variantda buraxa bilər: birincisi, adi valyutaya əlavə və ya əvəzedici kimi, ikincisi isə, məhdud istifadə üçün. Yəni kriptovalyutalar yalnız maliyyə qurumlarının hesablaşma, kreditləşmə, mərkəzləşdirilmiş kreditləşmə, deponentləşmə, Mərkəzi Bankda ehtiyatların ayrılması, təkrar maliyyələşdirmə və digər bu kimi əməliyyatlarının həyata keçirilməsi üçün istifadə oluna bilər. Hər halda belə olan vəziyyətdə indiki qeyri-ciddi yanaşmanın tərəfdarları öz mövqelərinə, sadə desək, dəyişiklik etməli olacaqlar.
“Thomson Reuters” tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, hazırda hər beşinci maliyyə institutu yaxın 12 ay ərzində kriptovalyuta ilə əməliyyatların, ticarətin aparılmasını, hətta kriptovalyuta buraxmağı planlaşdırır. Respondent qurumların 70%-i bəyan edib ki, kriptovalyuta ilə ticarətə yaxın üç-altı ay ərzində başlamaq niyyətindədir. Sorğunun iştirakçıları iri aktivlərin idarəedici şirkətləri, xedj-fondlar və iri banklarının ticarət bölmələri olub. Sorğunun nəticələrini, xüsusən də iri maliyyə qurumlarının planlarını nəzərə alınmaqla, kriptovalyutaları heç cürə qeyri-ciddi qəbul etmək olmaz.
Hazırda əsas problem kriptovalyuta ilə dələduzluq faktlarının son dərəcədə çoxalmasıdır. ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyasının rəhbəri Cey Kleyton bəyan edib ki, virtual valyutalarla bağlı dələduzluq faktlarının, istintaq işlərinin sayından "dəhşətə gəlir". Həqiqətən, demək olar ki, hər gün dünyanın müxtəlif yerlərində, ölkə və regionlarında kriptovalyuta ilə bağlı dələduzluq faktı aşkarlanır. Bu cinayət əməllərinin əksəriyyəti investorların aldadılması və onların pulların mənimsənilməsi ilə bağlıdır. Bu hadisənin hansı ölkədə baş verməsi vacib deyil, çünki kriptovalyuta transsərhəd alətləridir, heç bir ölkəyə bağlı deyil, hətta heç bir ölkə ilə bağlı olan baza aktivinə bağlı deyil. Sadəcə olaraq pərakəndə investorların, adi insanların yaddaşında yeni dələduzluq faktı qalır və bu da insanların kriptovalyuta ilə bağlı potensial qərarlarına təsir edir. Əsas problem də budur - əgər kriptovalyuta ilə məşğul olan operatorlar pərakəndə investorlar arasında etimadı artırmasalar, yeni nəsil “pullara” olan maraq, tələbat azalacaq.