2026-cı ilin yanvar-iyul aylarında Rusiya Federasiyası Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac bazarı olub.
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə - Qeyri-neft sektoru üzrə ixrac – YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, hesabat dövründə Azərbaycandan Rusiyaya 731,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac edilib. Göstərici qeyri-monetar qızıl nəzərə alınmadan hesablanıb.
Beləliklə, 7 ayda Azərbaycanın 2,5 milyard dollarlıq qeyri-neft ixracının təxminən 29%-i Rusiya bazarının payına düşüb.
Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında böyük fərqlə birinci yerdə qərarlaşıb. Yanvar-iyul aylarında Türkiyəyə 390,6 milyon dollar, Gürcüstana 328,1 milyon dollar, İsveçrəyə 251,6 milyon dollar, Ukraynaya isə 85 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
İyul ayında da Rusiya Azərbaycanın qeyri-neft ixracında ən böyük bazar olub.
Təkcə 2026-cı ilin iyul ayında Azərbaycandan Rusiyaya 135,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul göndərilib. Bu, həmin ay Azərbaycanın 384,8 milyon dollarlıq qeyri-neft ixracının təxminən 35,2%-nə bərabərdir.
Müqayisə üçün, həmin ay Gürcüstana 48,3 milyon dollar, Türkiyəyə 39,8 milyon dollar, İsveçrəyə 37,7 milyon dollar, İspaniyaya isə 19,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.













