FED.az biznes portalı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili koronavirus pandemiyasının Azərbaycan və dünya iqtisadiyyatına təsiri ilə bağlı "Qafqazinfo"ya müsahibəsini təqdim edir:
Eləcə də bax: Karantin rejimi uzadılacaq - PREZİDENT AÇIQLADI - VİDEO
- Pandemiyanın dünyanın böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması qeyri-adi haldır. Dünya ölkələri bu vəziyyətdən hansı addımlar atıb daha az zərərlə çıxa bilər? Virusun hazırda qlobal iqtisadiyyata təsirini necə qiymətləndirirsiniz?
- Pandemiyanın dünya iqtisadiyyatına təsiri çox böyükdür. Dünya iqtisadiyyatı heç vaxt bu miqyasda təhlükə ilə üzləşməmişdi. 2-ci dünya müharibəsindən sonra ilk dəfə 2009-cu ildə qlobal ÜDM 0.7% azalıb. Amma artıq FİTCH Agentliyi qlobal ÜDM-in 2020-ci ildə 2.8% azalacağını proqnozlaşdırır. Bu çox böyük itkidir. Eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Əksər ölkələr virusun yoluxma əhatəsini azaltmaq üçün vətəndaşların sağlamlığı üçün məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər. Bu tədbirlər iqtisadi fəallığa da ciddi təsir etməyə başlayır. Təbii ki, karantin şəraiti daimi ola bilməz, amma karantindən çıxma tədbirləri ciddi düşünülməli və mərhələli şəkildə olması məqsədəuyğundur. Virusun yayılmasının artması və ya yeni virusun yayılması ehtimalının hələ də qalması iqtisadi fəallığın bərpası zamanı yeni davranış qaydalarına əməl edilməsini zəruri edəcək. Yəni, məsələn, məsafədən işləmək, daim maska taxmaq, qapalı məkanlarda az sayda insanların olması, iclasların keçirilməməsi və s. Bir çox ölkələr artıq karantin tədbirlərini yumşaldılması üçün ilkin planları açıqlayırlar.
- Ölkəmizdə də koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verilib. Vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqları üzrə yüklərinin azaldılmasının sahibkarların hazırkı pandemiya şoku şəraitindən çıxmasına təsiri necə olacaq?
- Azərbaycanda 1-ci rübün iqtisadi yekunları müsbətdir. Aparılan iqtisadi islahatlar iqtisadiyyatımıza belə şəraitə tab gətirməyə və fəaliyyət göstərməyə imkan yaradıb. Ehtiyatlarımız da kifayət qədərdir.
3 milyard manatı keçən dövlət dəstək proqramının əsas məqsədi pandemiyanın insanlara və sahibkarlara təsirini minimuma endirməkdir. Proqramın həcmi də xeyli böyükdür. Burada həm də əsas diqqət düzgün təhlillərin aparılmasına və ədalətliliyə yönəlib. İlkin yardım kimi pul vəsaitlərin artıq sahibkarlara və vətəndaşlara köçürülməsi düşünürük ki, onların sosial-iqtisadi həyatlarına müsbət təsir edəcək. Eyni zamanda, vergi güzəştləri və müxtəlif iqtisadi stimullaşdırıcı addımların atılması ilə bağlı atılacaq addımlar sahibkarlıq subyektlərini iqtisadi fəallığı artırmağa, öz itkilərini kompensasiya etməyə, daha çox resursa sahiba olmağa və beləliklə də iqtisadi artıma dəstək verməyə imkan yaradacaq.
- TƏBİB rəhbəri və ÜST-ün nümayəndəsi açıqlamalarında hələ bir il normal həyata qayıda bilməyəcəyimizi dedi. Sizcə, Azərbaycan iqtisadiyyatı buna hazırdırmı?
Bildirilir ki, hazırda dünyada səhm bazarları ən riskli vəziyyətə düşüb. Qiymətli kağızlar bazarında trilyonlarla dollar itki olub. Bəs, bu hal Dövlət Neft Fondunun aktivlərinə necə təsir edəcək?
- Virusun təhlükəli olması bizi daim hər situasiyaya hazır olmağa məcbur edir. Azəbaycan dövlət başçısı insan sağlamlığının iqtisadi fəallıqdan önəmli olduğunu bəyan edib. Bu ölkəmizin gələcəyi üçün çox mühüm seçimdir. Virusla mübarizə müddətinin uzun ola biləcəyi bizdən bu şəraitdə yeni iqtisadi davranış qaydalarına uyğunlaşmağı tələb edir. Bu məsələdə həm də vətəndaşlar da məsuliyyətli olmalı və öz həyat və sağlamlıqlarının qorunmasında maraqlı olmalıdırlar. Düşünürəm ki, hər iki tərəf (sahibkar-vətəndaş) nə qədər çox sosial məsuliyyətlə yanaşsalar, o qədər tez yumşalma tədbirlərinə getmək mümkün olacaq. Amma virusun yayılmasının artması şəraitində biz yenidən karantin şəraitinə qayıtmağa da hazır olmalıyıq.
- Koronavirus təhlükəsinə görə yaranan qlobal dalğalanmalar Azərbaycanın ticarət dövriyyəsinə necə təsir göstərəcək? Dünyada iqtisadi gücə malik ölkələrdə pandemiyadan sonra yaranmış problemlər bizim qeyri-neft sektoru üzrə ixracatçılarımıza necə təsir edəcək?
- Qlobal dalğalanmalar istənilən ölkəyə, həmçinin Azərbaycanın ticarət dövriyyəsinə təsir edəcək. Düzdür, yük daşımaları üçün ölkələr məhdudiyyət qoymayıblar, amma pandemiya bütün ölkələrdə tələbi azaldıb. Bu isə istənilən halda ixracın azalmasına gətirib çıxaracaq. Amma bu şərait həm də gələcək sürətli inkişafa nail olmaq üçün yaxşı bir sınaqdır. Hər bir sürətli inkişaf böhrandan sonra başlayır. Əsas bu şəraitdən yaxşı nəticələr çıxarmağı bacarmaqdır.
- Ümumiyyətlə, karantindən sonra dünya iqtisadiyyatında vəziyyətin necə olacağı ilə bağlı təxminləriniz varmı? Pandemiyanın dünya əmək bazarına təsirlərini azaltmaq üçün hansı istiqamətlər seçilə bilər?
- Müxtəlif proqnozlar var. Bir çox təhlillərdə 2020-ci ili dünya iqtisadiyyatı üçün itirilmiş il sayanlar da var. Dünya iqtisadiyyatının 2021-ci ildən tez artım göstərə bilməyəcəyi artıq məlumdur. Amma pandemiyadan sonrakı dünyada texnologiyaların hökmran olacağı, idarəetmədə, qərarların qəbulunda, iqtisadi münasibətlərdə yeni texnoloji davranışların həlledici olacağı məlumdur. Hansı ölkə bu bilik və davranışlara daha çox hazır olacaqsa, onlar daha sürətli inkişaf edəcəklər.
- Qonşu ölkələrdə də fövqəladə vəziyyətin müddəti artırıldı. Prezident də ötən gün açıqlamasında karantinin uzadılacağının anonsunu verdi. Siz bununla bağlı nə düşünürsünüz?
- Düşünürəm ki, karantin hələlik uzadılmalıdır. Virusun yenidən yayılması indiyə qədər Azərbaycanın əldə etdiyi müsbət nəticələri dəyişə bilər. Dövlətin bu qədər səyi hədər gedə bilər. Burada çox ehtiyatlı olmaq lazımdır. Dövlətin də siyasəti belədir. Amma paralel olaraq yumşaldılma tədbirlərinin də hazırlanması məqsədəuyğundur. Cənab Prezident müvafiq qurumlara bu barədə artıq tapşırıq verib.
- Karantində qalmaq insanları bəzi artıq məsrəflərdən azad edib. Siz necə düşünürsüz, karantin insanlar üçün hansı əlavə xərclər yaradır?
- Bəzi sahələr üzrə əlavə xərclər yarada bilir. Məsələn, kommunal xərclər arta bilər. Amma həm də bir çox sahələrdə də xərcləri azaldır. Digər tərəfdən də dövlət artıq elektrik xərclərində dəstək və sosial dəstək proqramları həyata keçirir. Karantinin çox mühüm sosial və gələcək iqtisadi əhəmiyyəti var. Karantinin sərt olması gələcək iqtisadi artımın sürətli olmasına birbaşa təsir edir. Ona görə də hər kəsin dövlətin karantin rejimi tələblərinə əməl etməsi həm onun özünün sağlamlığı, həm də ölkəmizin gələcək sürətli inkişafı üçün çox mühümdür. Hər kəs Azərbaycanın gələcək inkişafı naminə öz fədakarlığını əsirgəməməlidir.