Azərbaycanın ən böyük özəl şirkətlərindən biri, “Silk Way Holding”ə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC (“Silk Way West Airlines”) 2023-cü ilin birinci yarım il üzrə idarəetmə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən şirkətin gəlirləri və mənfəəti kəskin aşağı düşüb.
Xatırladaq ki, “Silk Way West Airlines” çoxsaylı ölkələrə yük daşımaları ilə məşğuldur və şirkətin elan etdiyi yeniliklərə əsasən marşrut coğrafiyası genişlənir, təyyarə parkı isə davamlı yenilənir. Amma buna baxmayaraq açıqlanan maliyyə hesabatında şirkətin uçuşlarının azaldığı, gəlirlərinin və mənfəətinin isə dəfələrlə aşağı düşdüyü görünür.
2023-ün ilk yarım ilində “Silk Way West Airlines”in ümumi gəlirləri 823 milyon manat olub. Bu 2022-cü ilin eyni dövrünə nisbətən 970 milyon manat və ya 2,2 dəfə azdır. Xatırladaq ki, ötən ilin eyni dlövründə şirkətin ümumi gəlirləri 1 milyard 793 milyon manat olmuşdu.
Bu ilki 823 milyon manat gəlirin 816 milyon manatı əsas fəaliyyət növündən – daşımalardan əldə edilib.
Bu dövrdə şirkətin xərcləri isə 200 milyon manat (20%) azalaraq 788 milyon manat təşkil edib.
2023-cü ildə “Silk Way West Airlines”in xərclərinin azalması ilə bağlı detallar şirkətin bu il daha az xidmət göstərdiyini, yəni ötən ilin eyni dövrü ilə müqayisədə daha az uçuşlar həyata keçirdiyini göstərir.
Belə ki, ötən illə müqayisədə şirkətin yanacaq xərcləri 117 milyon manat və ya 27% azalıb, komissiya xərcləri isə 2 dəfə azalaraq 60 milyondan 30 milyon manata düşüb. Yanacaq xərcləri nəqliyyat şirkətləriin əsas xərcləri və onların fəaliyyətinin nə qədər aktiv olmasının 1 nömrəli göstəricisidir.
Bu dövrdə “Silk Way West Airlines”in çarter reysləri də azalıb – 2022-ci ilin ilk yarısında belə uçuşlara 37 milyon manat sərf edilmişdisə, 2023-ün eyni dövründə bu rəqəm 18 milyon manata düşüb.
Gəlirlərin azalması nəticəsində şirkət ilk dəfə olaraq əmək haqqı xərclərini də azaldıb. Belə ki, 2022-ci ilin ilk 6 ayında şirkətin əmək haqqı xərcləri 32,8 milyon manat idisə (aylıq ortalama 5,5 milyon manat), 2023-cü ildə bu göstərici 1,5 milyon manat və ya 5% azalıb. Aylıq əmək haqqı fondu isə 5,2 milyon manata düşüb.
Maraqlıdır ki, bu dövrdə şirkətin əməkdaşlarının sayı azalmayıb, əksinə artıb, belə ki, 2022-ci ilin ilk yarım ilində “Silk Way West Airlines”də 1075 nəfər çalışırdısa, 2023-cü ilin ekvatorunda bu rəqəm 50 nəfər artaraq 1123 nəfər olub.
Nəticədə şirkətdə hər işçiyə düşən orta aylıq əmək haqqı fondu 2022-ci ilin ortasında 5081 manat idisə, 2023-cü ildə bu göstərici 4638 manata düşüb.
2023-cü ilin ilk yarısında “Silk Way West Airlines”in gəlirləri elə kəskin azalıb ki, hətta xərclərin azalması da əvvəlki mənfəətliyi saxlaya bilməyib – mənfəət kəskin şəkildə aşağı düşüb.
Belə ki, 2022-ci ilin bu vaxtı şirkətin səhmlərdarı 806 milyon manatlıq əməliyyat mənfəətinə və 45%-lik əməliyyar marjasına baxıb məmnun qalırdılar. 2023-cü ildə isə əməliyyat mənfəəti cəmi 36 milyon manata, əməliyyat marjası isə 4%-ə düşüb.
Maliyyə və digər xərcləri, eləcə də vergi ödənişlərini də çıxdıqdan sonra “Silk Way West Airlines”in xalis mənfəəti 10 milyon 85 min manat təşkil edib. 2022-ci ilin eyni dövründə isə bu rəqəm 602 milyon 314 min manat olmuşdu.
“Silk Vey Vest Aviaşirkəti” MMC-nin aktivləri 2 milyard 612 milyon 837 min manat olub. Aktivlər son bir ildə 172 milyon 761 min manat (7,1%) artıb.
Öhdəliklər isə 170 milyon 753 min manat (12,8%) azalaraq 1 milyard 168 milyon 245 min manata düşüb.
Kapitalın həcmi isə 1 milyard 444 milyon 592 min manat təşkil edib ki, bu da illik müqayisədə 343 milyon 504 min manat, yəni 31,2% çoxdur.
Şirkətin kapital balansında 1 milyard 7 milyon manat bölüşdürülməmiş mənfəət qalmaqdadır. Keçən ilin müvafiq dövründə bu göstərici 662 milyon manat idi.