Azərpambıq ASK 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, Sənaye Kompleksinin gəlirləri ötən il 120,3 milyon manat olub.
Gəlirlər son bir ildə 48,3 milyon manat və ya 28,7% azalıb.
Satışın maya dəyəri isə 81,4 milyon manata yaxın olub ki, bu da illik müqayisədə 50,3 milyon manat və ya 38,2% azalıb.
Bununla belə ümumi mənfəətin həcmində 2 milyon manat (5,4%) artım baş verib 38 milyon 975 min manata yüksəlib.
Şirkətin ümumi inzibati və xərcləri 7,9 milyon manat, maliyyə xərcləri 1 milyon 44 min manat olub. Ümumi və inzibati xərclər illik müqayisədə 1 milyon 512 min manat (23,7%) artasa da, maliyyə xərcləri 147 min manat və ya 12,3% azalıb.
Azərpambıq ASK 1 milyon 723 min manat mənfəət vergisi ödənişindən sonra (3,6 dəfə az) 2022-ci ili 26 milyon 738 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir ildə 3 milyon 107 min manat və ya 13,1% artıb.
Bu il yanvarın 1-nə “Azərpambığ”ın aktivləri 228,1 milyon manat olub ki, bu da illik müqayisədə 23 milyon manat və ya 11,2 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 2,7 milyon manat və ya 5,5% azalaraq 45,8 milyon manata düşüb.
Balans kapitalı isə 182,3 milyon manat olub ki, bu da illik 25,7 milyon manat və ya 16,4 % çoxdur.
Böülüşdürülməmiş mənfəətin həcmi 25 milyon 557 min manat və ya 2,1 dəfə artaraq 48 milyon 898 min manata çatıb.