Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun (QDF) borc qiymətli kağızlara investisiyaları 990,824 milyon manat təşkil edib.
FED.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 49,5 % çoxdur.
QDF-nin borc qiymətli kağızlara investisiyalarının 67,9 %-i və yaxud 672,871 milyon manatı uzunmüddətli (1 il əvvələ nisbətən 3,2 % çox), 32,1 %-i və yaxud 317,953 milyon manatı isə qısamüddətli (30,2 dəfə çox) olub.
İl ərzində Fondun borc qiymətli kağızlara investisiyalarının onun aktivlərindəki payı 13,6 faiz bəndi artaraq 53,5 %-dən 67,1 %-ə çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir (Report).