Qarabağ Dirçəliş Fondu 2021-ci il üzrə illik hesabatda fondun vəsaitlərinin dəyərsizləşməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qarabağ Dirçəliş Fondu maliyyə hesabatını açıqladı – 892 milyon manat ianə, 9 milyon manat gəlir
FED,az xatırladır ki, fondun açıqladığı hesabata görə, 2021-ci ildə qurumun ümumi gəlirləri 901,4 milyon manat olub.
Bunun 892,2 milyon manatı ianələrdən daxil olub, 9,2 milyon manat isə maliyyə gəlirləridir.
İl ərzində Fondun inzibati xərcəri 503 min manat olub. Bundan başqa, 10 milyon 351 min manat həcmində dəyərsizləşmə qeydə alınıb.
Daha 448 min manat maliyyə xərclərinə, 1 milyon 729 min maat isə mənfəət vergisinə sərf edilib.
Nəticədə Qarabağ Dirçəliş Fondunun il ərzində ümumi gəlirləri 888 milyon 343 min manat təşkil edib.
Qarabağ Dirçəliş Fondundan FED.az-ın sorğusuna cavab olaraq bildirib ki, dəyərsizləşmə ilə bağlı qeydə baxmayaraq hər hansı real itkidən söhbət gedə bilməz: «Qeyd olunan dəyərsizləşmə “MHBS”-nin 9 nömrəli beynəlxalq standartına uyğun olaraq vəsaitlər saxlanılan bankların reytinqi əsasında hesablanır və yalnız maliyyə hesabatında əks olunur».
«Reallıqda isə bu hər hansı əməliyyat zərəri deyil və vəsaitin məxarici ilə də nəticələnmir. Qeyd olunan vəsait hazırda fondun bank hesablarındadır»-deyə Fonddan bildirilib.