“Lənkəran Yol Tikintisi” ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin ötən il cəmi gəlirləri 2 milyon 801 min manat olub.
Gəlirlər son bir ildə 126 min manata yaxın, başqa sözlə 4,7% artıb.
Gəlirlərin də böyük hissəsini əməliyyat gəlirləri təşkil edib – 2 milyon 15 min manat. Bu da illik müqayisədə 358,1 min manat (21,6% artıqdır.
Əmlakın icarəyə verilməsindən gəlirlər də təqribən 2 dəfəyədək azalaraq 562,4 min manata düşüb.
Şirkətin cəmi xərcləri isə 2 milyon 656 min manat olub ki, bu da illik müqayisədə 232,6 min manat (9,6%) çoxdur.
“Lənkəran Yol Tikintisi” ASC işçilərinə ödədiyi əmək haqqı xərcləri 508,8 min manat olub. Əvvəlki illə müqayisədə bu xərclər də 132,2 min manat və ya 35,1% artıb.
Sığorta xidmətinə çəkilən xərclər 50 min manatdan çox artaraq 139,3 min manatdan çox olub.
Yekunda tikinti şirkəti ötən ili 144,6 min manat mənfəətlə başa vurub. Lakin mənfəət 2021-ci illə müqayisədə 106,8 min manat, yəni 42,5% azdır. Belə ki, 2021-ci ildəki mənfəəti 251,3 min manat idi.
“Lənkəran Yol Tikintisi” ASC aktivləri ötən il 9 milyon 822 min manat olub. Aktivlər son bir ildə 785 min manatdan çox (8,7%) artıb.
Öhdəliklər son bir ildə 2,5 dəfə (1 milyon 277 min manat) artaraq 3 milyon 254 min manata çatıb.
Kapital isə 1 milyon 192 min manat və ya 15,4% azalaraq 6 milyon 658 min manata düşüb.
Şirkətin ötən il bölüşdürülməmiş mənfəəti olmasa da, bu il yığılmış mənfəəti 3 milyon 599 min manat olub.