İpoteka və Kredit Zəmanət Fondu cari ilin ilk yarım ilinin hesabatını açıqlayıb.
FED.az qurumun hesabatına istinadən xəbər verir ki, fondun faiz gəlirləri 37,8 milyon manat, xərcləri isə 20,8 milyon manat olub.
Gəlirlər ötən ilin I yarım ili ilə müqayisədə 6,6 milyon manat (21,2%), xərclər isə 4,1 milyon manat (24,8%) artıb.
Beləliklə fondun xalis faiz gəlirləri 17 milyon manatı keçib ki, bu da illik müqayisədə təqribən 2,5 milyon manat, yəni 17,1% çoxdur.
Bundan başqa qurumun gözlənilən kredit zərəri 474,6 min manat, haqq və komissiya gəlirləri 1,1 milyon manata yaxın, xərcləri 587,7 min manat, digər gəlirləri 220,8 min manat, əməliyyat gəlirləri 17,2 milyon manat, insan resursları üzrə xərcləri 3 milyon manat, inzibati və digər xərcləri 2,7 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə gözlənilən kredit zərəri 155 min manat (24,6%) azalıb, haqq və komissiya gəlirləri 340,1 min manat (46,3%) artıb, xərcləri 16,6 min manat (2,7 %) azalıb. əməliyyat gəlirləri 2,6 milyon manat (18%), insan resursları üzrə xərclər 609,5 min manat (25,5%), digər inzibati xərcləri isə 332,5 min manat (14,2%) artıb.
Fond ilk yarım ili ümumilikdə 11 milyon 157 min manat mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 1 milyon 266 min manat, başqa sözlə 12,8% çoxdur.
2023-cü ilin iyul ayının 1-nə İKZF-nin cəmi aktivləri illik müqayisədə 359,6 milyon manat və ya16.5% artaraq 2 milyard 542,1 milyon manata yüksəlib.
Bu dövrdə cəmi aktivlərin 73.4%-ni verilmiş ipoteka kreditləri (1 mlrd. 865.9 mln. manat) təşkil edib. İpoteka kreditləri də son bir ildə 296 milyon manat (18,9%) çoxdur.
Fondun öhdəlikləri isə illik müqayisədə 256,3 milyon manat və ya 20.9% artaraq 1 milyard 408.8 milyon manat olub. Cəmi öhdəliklərin 98.1%-ni buraxılmış qiymətli kağızlar (1 mlrd. 453.2 milyon. manat) təşkil edib.
2023-cü il iyun ayının 30-na İKZF-nin cəmi kapitalı 1 milyard 61.3 milyon manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 103,3 milyon manat, yəni 10.8% çoxdur.
Fondun nizamnamə kapitalı 893 milyon manat, kapital ehtiyatları 112,9 milyon manat, dövlət büdcəsindən daxil olmuş vəsaitlər isə 11,6 milyon manat olub.
Nizamnamə kapitalı 95 milyon manat (11,9%), kapital ehtiyatları 10,2 milyon manat (10%) artıb.