"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) aparılmış audit yoxlamaları zamanı bir sıra qeyri-müəyyənliklər aşkar edilib. Bu, əmlak və avadanlıqların qiymətləndirilməsi, eləcə də sərnişindaşıma gəlirlərinin uçotu ilə bağlı bir sıra qeyri-müəyyənliklər ortaya çıxıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, aparılan audit yoxlamaları zamanı sərnişindaşıma üzrə gəlirlərin tamlığının təsdiqlənməsi ilə bağlı ciddi çatışmazlıqlar aşkarlanıb.
Məlumata görə, gəlirlərin uçotu üçün istifadə olunan sistem üzrə ümumi İT nəzarət mexanizmləri yoxlanılıb, lakin sistemin səmərəli fəaliyyət göstərdiyini sübut edən yetərli və uyğun audit sübutu əldə olunmayıb.
Bu səbəbdən, 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə 100 milyon 647 min AZN məbləğində sərnişindaşıma gəlirinin tamlığını təsdiq etmək mümkün olmayıb.
Audit çərçivəsində 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə maliyyə hesabatlarının yoxlanılması zamanı isə müəyyən edilib ki, mal-material ehtiyatlarına daxil edilən bəzi obyektlər əslində əmlak və avadanlıq tərkibinə kapitallaşdırılması nəzərdə tutulan material və ehtiyat hissələrini əhatə edib.
Şirkət bu tip mal-material ehtiyatları üzrə qısa və uzunmüddətli təsnifləşdirməni müəyyən etmək məqsədilə müvafiq təhlillər aparmayıb.
Alternativ audit prosedurlarından istifadə olunmasına baxmayaraq, qeyd olunan təsnifləşdirmənin düzgünlüyünü təsdiq etmək mümkün olmayıb.
Nəticədə, 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda əmlak və avadanlıq, eləcə də mal-material ehtiyatları üzrə hər hansı düzəlişlərin zəruri olub-olmadığı müəyyən edilə bilməyib.
Qeyd olunan təsnifləşdirmə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat və investisiya fəaliyyətləri üzrə bölgüyə də təsir göstərdiyindən, həmin hesabat üzrə düzəlişlərin tələb olunub-olunmadığını müəyyən etmək də mümkün olmayıb.
Bundan əlavə, auditorlar 31 dekabr 2024-cü və 31 dekabr 2023-cü il tarixlərində başa çatan illər üzrə əmlak və avadanlığın dəyərsizləşməsi, yavaş dövr edən mal-material ehtiyatları üzrə ehtiyatların yaradılması, həmçinin maliyyə hesabatlarının müvafiq qeydləri ilə bağlı hər hansı düzəlişlərin tələb olunub-olunmadığına dair də kifayət qədər audit sübutu əldə edə bilməyiblər.
Dəyərsizləşmə yoxlaması zamanı müəyyən edilmişdir ki, bəzi əmlak və avadanlıq obyektləri üzrə silinmə xərcləri çıxılmaqla hesablanmış ədalətli dəyər göstəriciləri keçmiş dövrlərə aid satınalma qiymətlərinə əsaslanıb.
Həmçinin müəyyən olunub ki, 2018-ci ilədək əldə edilmiş, dəyərsizləşmədən əvvəl ümumi balans dəyəri 75 milyon 085 min manat təşkil edən və 31 dekabr 2024-cü il tarixinə silinmə xərcləri çıxılmaqla hesablanmış ədalətli dəyəri 28 milyon 597 min manat olan əsas vəsaitlər üzrə müvafiq təsdiqedici sənədlər mövcud deyil.
Bundan əlavə, bəzi əmlak və avadanlıq obyektləri üzrə silinmə xərcləri çıxılmaqla ədalətli dəyərin etibarlı şəkildə müəyyən edilməsi mümkün olmayıb. Nəticədə, 31 dekabr 2024-cü il tarixinə həmin aktivlərin ədalətli dəyərinin 9 milyon 328 min manat məbləğində olan xalis qalıq dəyərinə bərabər olduğu ehtimal edilib.










