Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2023-cü ilin nəticələri üzrə illik hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, Agentlik 2023-cü ili mənfətlə başa vursa da, 2022-ci illə müqayisədə mənfəətin azalması müşahidə edilib.
Qeyd edək ki, Agentlik əvvəlki illərdən fərqli olaraq 2023-cü il üzrə hesabatını yarımçıq hazırlayıb. Hesabatın böyük hissəsi ictimaiyyətə açıqlanmayıb, bunun səbəbi məlum deyil. Beləliklə…
2023-cü ildə Agentliyin gəlirləri əsasən qiymətli kağızlara edilən investisiyalardan formalaşıb. MİDA indiyədək qiymətli kağızlara 200 milyon manatdan artıq vəsait yatırıb – 2022-ci ildə bu məbləğ 203,7 milyon, 2023-cü ildə isə 205,2 milyon manat olmuşdu.
Bu yatırımlar ötən il Agentliyə 11,5 milyon manatdan artıq gəlir təmin edib. Yeri gəlmişkən, 2022-ci ildə də MİDA-nın əsas gəlir mənbəyi QK-dan gələn faizlər olub – 10,7 milyon manat. MİDA-ya dövlət yardımı isə 2 ildir ki, kəsilib, axırınca dəfə Agentlik dövlətdən 2021-ci ildə yardım almışdı - 2,1 milyon manat.
Nəticədə faiz gəlirlər Agentliyin inzibati xərclərini bağlayaraq ümumi mənfəəti təmin edib. 2023-cü ildə MİDA-nın ümumi və inzibati xərcləri 400 min manatdan çox artaraq 3,7 milyon manatdan 4,1 milyon manata yüksəlib.
Eyni zamanda Agentlik maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri maddəsi üzrə 415 min manat əldə edib.
Bu məbləğ əməliyyat zərərini bir qədər azaldaraq 3,7 milyon manata endirib.
Bu məbləğ yuxarıda qeyd edilən 11,5 milyon manatlıq faiz gəlirləri ilə artıqlaması ilə kompensasiya edilib, üstəlik, 2023-cü ildə MİDA istiqrazlar üzrə diskontun amortizasiyası sayəsində 1,8 milyon manat əldə edib. Ötən il bu gəlir 2,6 milyon manat idi.
Nəticədə, Agentlik 2023-cü ili 9,6 milyon manat mənfəətlə başa vurub – 2022-ci ildən 53 min manat az.
1,5 milyon manatlıq mənfəət vergisindən sonra MİDA-nın illik xalis mənfəəti 8,1 milyon manata düşüb, 2022-ci ildən təqribən 60 min manat az.
Ümumilikdə 2023-cü ildə Agentliyin gəlir xərclərində 2022 ilə müqayisədə ciddi dəyişiklik olmayıb.
Əvəzində ötən il MİDA-nın aktivləri və kapitalında ciddi azalma baş verib. Qurumun cəmi aktivləri 85 milyon manat azalaraq 536 milyon manatdan 451 milyon manata enib.
Azalmanın səbəbi əlavə investisiya qoyuluşu (115 milyon manat) ilə MİDA MMC-yə köçürülən vəsait (185 milyon manat) arasında 70 milyon manatlıq fərqdir.
Eyni vəziyyət 2022-ci ildə də yaranmışdı, amma fərq cəmi 15 milyon manat olmuşdu, belə ki, Agentlik 70 milyon investisiya yatırımı qarşısında MİDA MMC-yə 85 milyon manat ödəmişdi.
İstənilən halda bu ödənişlər Agentliyin aktivlərini və kapitalını azaldıb. Amma illik mənfəət hesabına bu fərq kapitalda daha az hiss olunub.
Belə ki, cəmi kapital cəmi 62 milyon manat azalaraq 479 milyon manatdan 417 milyon manata düşüb.
Agentlik ciddi öhdəliklərə malik deyil – ümumi öhdəliklərin həcmi 34 milyon manat, 2022-ci ildə bu rəqəm 57 milyon manat idi, amma ötən il MİDA bu məbləğin 22 milyon manatını «əridə» bilib.
Yeri gəlmişkən, Agentlik hesabatı yatımçıq açıqladığından burada bir sıra göstəricilər, o cümlədən MİDA-nın rəhbərliyinə ödənişlər əksini tapmayıb. Qeyd edək ki, MİDA-nın rəhbər heyəti 3 nəfərdən ibarətdir - İdarə Heyətinin sədri Sadiq Sadıqov, idarə heyəti sədrinin müavini Çingiz Qədimov və idarə heyətinin üzvü Elşad Məmmədov.
Xatırladaq ki, 2021-ci ildə rəhbər heyətə 277 milyon manat, 2023-cü ildə isə 288 milyon manat ödəniş edilmişdi. 2023-cü il üzrə bu məbləğ açıqlanmayıb.