2025-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 301,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilib.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsi məlumat yayıbb.
Məhsulun və xidmətlərin 61,4 milyon manatı, yaxud 20,4 faizi dövlət sektorunun sənaye müəssisələri, 240,1 milyon manatı, yaxud 79,6 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən 239,0 milyon manatı, yaxud 89,9 faizi qeyri-dövlət sektoruna aid olmaqla 265,8 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 66,5 milyon manat qida məhsulları istehsalı, 9,7 milyon manat içki, 130,1 milyon manat metallurgiya sənayesi məhsulları, 26,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 32,8 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-iyun ayları ərzində 45,8 min ton un, 115,61 min dekalitr araq, 57,4 min dekalitr şərab, 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili, 11493,54 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 5478 ədəd elektron, 248768 ədəd mexaniki su və qaz sayğacları istehsal edilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-iyun ayları ərzində 22,9 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,0 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.