Bu ilin ilk 11 ayında (yanvar-noyabr) Azərbaycandan 11 milyard 515 milyon dollar dəyərində 22 milyon 132 min ton xam neft və bitumlu süxurlardan alınmış xam neft məhsulları ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 789 milyon dollar və ya 13,5% azalıb, lakin miqdar ifadəsilə 577 min ton, başqa sözlə 2,7% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 13 milyard 304 milyon dollar dəyərində 21 milyon 556 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 520 dollar (təxminən 884 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 617 dollar (təxminən 1049 manat) idi. Bu da illik müqayisədə 97 dollar (165 manat) və ya 15,7% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 49,21%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 54,67% təşkil etmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ixracı 23 milyard 401,21 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 936,65 milyon dollar və ya 3,8% azalıb.
2024-cü ilin yanvar-noyabr aylarında bu göstərici 24 milyard 337,86 milyon dollar olmuşdu.










