Azərbaycandan bu ilin yanvar ayında İtaliyaya 1 milyon 848 min ton neft ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 861,7 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 160 min ton (9,5%) artım, dəyərində isə 71 milyon dollardan çox (7,6%) azalma baş verib. Bu, İtaliyaya satılan neftin orta qiymətinin aşağı düşdüyünü göstərir.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan İtaliyaya 932,7 milyon dollar dəyərində 1 milyon 688 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 793 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 147 manat (15,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 940 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya həm 2025-ci, həm də 2026-cı ilin yanvar aylarında 1-ci yerdə olub.










