bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel 16-20 yanvar tarixlərində Bakıda 5-günlük planlaşdırılmış işgüzar səfərdə olub.
«bp»nin Bakı ofisindən FED.az-a verilən məlumata görə, bp qrupunun bir sıra yüksək səviyyəli mütəxəssislərinin də daxil olduğu səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi və əməliyyatçısı olduğu layihələr üzrə 2024-cü il üçün planlaşdırılmış işlərlə tanış olmaq idi.
Səfər zamanı Birrel şirkətin regiondakı işçi heyəti ilə də görüşmüş və bp-nin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyət və görüləsi perspektiv işlər haqqında şirkətin regional rəhbərliyi ilə müzakirələr aparmışdır.
Cümə günü 19 yanvar tarixində Birrel bp-nin əməliyyatçısı olduğu və dənizdə yeni quraşdırılmış Azəri Mərkəzi Şərqi (ACE) platformasına səfər etmiş və bu ilin əvvəllərinə planlaşdırılmış ilk ACE neftinin əldə olunması üçün aparılan hazırlıq işləri ilə tanış olmuşdur.
Səfər proqramı çərçivəsində Qordon Birrel Azərbaycan Baş naziri Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və SOCAR-ın prezidenti Rövşən Nəcəflə işgüzar görüşlər keçirib.
Bu görüşlərdə bp-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və bp-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.